İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının miqdarında dəyişiklik ediləcək.
Referans Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununda öz əksini tapıb.
Konstitusiya Qanununa əsasən, müvəkkil 12 000 manat məbləğində aylıq vəzifə maaşı alacaq.
Daha əvvəl Ombudsmanın aylıq vəzifə maaşı 3 060 manat idi. Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə də artıq ödənilməyəcək.
Bu Konstitusiya Qanunu qüvvəyə minənədək İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana) ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onun bu Konstitusiya Qanunu ilə müəyyən edilən aylıq vəzifə maaşına daxil ediləcək.
Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən tətbiq ediləcək.
Konstitusiya Qanunu müzakirələrdən sonra səsverməyə qoyularaq II səsvermədə də qəbul edilib. İlk səsvermə Milli Məclisin fevralın 27-də* keçirilən plenar iclasında keçirilmişdi.
