ABŞ-la İran arasında hərbi gərginliyin müzakirə olunduğu bir vaxtda İran hakimiyyəti vətəndaşlarına mümkün nüvə partlayışı və radioaktiv çirklənmə zamanı görüləcək tədbirlərlə bağlı xəbərdarlıq edib.
İran Qızıl Aypara Cəmiyyəti və dövlət mediası tərəfindən yayımlanan təlimatlarda əhaliyə partlayış zamanı möhkəm binalara sığınmaq, qapı-pəncərələri bağlamaq, havalandırma sistemlərini söndürmək və ən azı 24 saat qapalı məkanda qalmaq tövsiyə olunub.
Referans Media xəbər verir ki, İran dövlət televiziyası mümkün nüvə hücumu zamanı əhalinin əməl etməli olduğu qaydaları da açıqlayıb.
Vətəndaşlara aşağıdakı tövsiyələr verilib:
Partlayışın işığına baxmayın, dərhal yerə uzanaraq başınızı və üzünüzü qoruyun.
Zərbə dalğası keçdikdən sonra ən yaxın möhkəm binaya daxil olun.
Pəncərələrdən uzaq durun, qapı və pəncərələri bağlayın.
Havalandırma sistemlərini söndürün.
Ən azı 24 saat sığınacaqda qalmağa hazır olun.
Binada yanğın baş verərsə və ya çökmə təhlükəsi yaranarsa, daha təhlükəsiz yerə keçin.
24 saat keçdikdən sonra belə çölə çıxmağın təhlükəsiz olduğunu düşünməyin və rəsmi məlumatları izləyin.
İranın bu xəbərdarlığı bölgədə təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edib. Bununla belə, yayımlanan təlimatların mövcud nüvə hücumu təhlükəsinin təsdiqi deyil, mümkün fövqəladə vəziyyətə hazırlıq məqsədi daşıdığını nəzərə almaq vacibdir.
