ABŞ-da aralıq seçkilərdən sonra Konqresdə siyasi qüvvələr nisbətinin dəyişməsi gözlənildiyi bir vaxtda Prezident Donald Tramp Demokratlara mesaj göndərib. O, Konqresdən göndəriləcək və uyğun hesab etmədiyi qanun layihələrinə veto qoyacağını bildirərək prezidentin bu səlahiyyətinin Demokratları razılaşmaya məcbur edə biləcəyini deyib.
Referans Media xəbər verir ki, "CBS News"a müsahibəsində Konqresin hər iki palatasında Demokratların çoxluq qazanması ehtimalını şərh edən Tramp prezidentlik səlahiyyətlərinə güvəndiyini vurğulayıb.
Demokratların Konqresdə çoxluq əldə etməsi halında necə davranacağı ilə bağlı suala Tramp belə cavab verib: “Son qərar mənim əlimdədir. Buna veto deyilir”.
O, Demokratların hazırlayacağı qanun layihələrini lazım gəldikdə əngəlləməyə hazır olduğunu bildirib. Tramp hətta bu mövqeyinə görə ona “Cənab Veto” deyilməsindən məmnun qalacağını söyləyib. Prezident veto hüququnun Demokratları onunla danışıqlara getməyə vadar edə biləcəyini də iddia edib: “Tarixən bir neçə ay veto tətbiq edirsiniz, sonra gəlib deyirlər ki, razılaşma əldə etməliyik”.
ABŞ Prezidenti Konqresdə çoxluğun dəyişməsinin administrasiyasının fəaliyyətinə mane olmayacağını müdafiə edib. O, Ali Məhkəmənin Federal Ticarət Komissiyasının (FTC) üzvü Rebekka Slotterin vəzifədən uzaqlaşdırılması ilə bağlı iş üzrə qərarını xatırladıb. Trampın sözlərinə görə, Ali Məhkəmənin 6-ya qarşı 3 səslə qəbul etdiyi qərar prezidentin federal qurumlar üzərində səlahiyyətlərini genişləndirib. “Rebekka Slotter işi üzrə qalib gəldik və bu qərar prezidentə əvvəllər malik olmadığı çox böyük səlahiyyətlər verdi”, – deyə Tramp bildirib.
"CBS News"a danışan və Trampa yaxın olduğu bildirilən mənbələrin sözlərinə görə, Ağ Evdə son həftələr prezident fərmanları və icra hakimiyyətinin səlahiyyətləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Ağ Evin aparat rəhbərinin müavini Stephen Miller və İdarəetmə və Büdcə Ofisinin direktoru Rasıl Vautun da iştirak etdiyi qeyd olunur. Xüsusilə miqrasiya və ticarət siyasəti sahəsində yeni addımların nəzərdən keçirildiyi bildirilir. Trampa yaxın mənbələrdən biri Demokratların Konqresdə mövqelərini gücləndirməsinin prezidentin ticarət, sərhəd təhlükəsizliyi, federal idarəetmə, xarici siyasət və milli təhlükəsizlik sahələrindəki səlahiyyətlərini aradan qaldırmayacağını iddia edib.
Prezident aralıq seçkilər öncəsi Respublikaçı namizədlərə dəstək məqsədilə keçirdiyi mitinqləri də xatırladıb. “29 gün ərzində 33 tədbirdə iştirak etdim. Hamısı böyük mitinqlər idi. Bundan əvvəl heç kim belə bir şey etməyib”, – deyə Tramp bildirib. O, kampaniya dövründə Respublikaçıların mövqelərinin gücləndiyini və seçkilərdə gözləniləndən yaxşı nəticələr əldə edə biləcəklərini söyləyib.
Tramp müsahibəsində Vaşinqtonda həyata keçirmək istədiyi tikinti və yenilənmə layihələrindən də danışıb. O, 2027-ci ildə Ağ Evdə yeni bal zalının tikintisini başa çatdırmağı, həmçinin paytaxtda təxminən 76 metr hündürlüyündə tağın inşasına başlamağı planlaşdırdığını açıqlayıb. Prezident bal zalı layihəsinin hərbi kompleks elementlərini də əhatə edəcəyini bildirib.
2028-ci il seçkilərində yenidən namizəd olacaq?
Müsahibədə Trampın 2028-ci il prezident seçkilərində mümkün üçüncü müddətə namizədliyi məsələsi də gündəmə gəlib.
O, bu məsələ ilə bağlı məsləhətçiləri ilə hələ müzakirə aparmadığını deyib. Bununla yanaşı, Respublikaçılar Partiyasında gələcək prezident seçkilərində iştirak edə biləcək çoxsaylı güclü namizədlərin olduğunu bildirib.
Trampın açıqlamaları Demokratların Konqresdə çoxluq əldə etməsi fonunda Ağ Ev və qanunverici orqan arasında yarana biləcək fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
