Türkiyəli aktyor və ssenarist Yılmaz Ərdoğanın ssenarisini yazdığı və rol aldığı “Organize İşler: Karun Hazinesi” serialı mübahisəyə səbəb olub. Ekran işində şaman barabanının narkotik ticarəti ilə məşğul olan qruplarla əlaqələndirilməsi tamaşaçıların etirazına səbəb olub.
Referans Media xəbər verir ki, tənqidlərin artmasından sonra Yılmaz Ərdoğan GÖK-DER rəhbərliyi ilə görüşüb və baş verənlərə görə üzr istəyib.
Serialın bəzi səhnələrində türk və Orta Asiya ənənələrində mühüm yer tutan şaman barabanının qadağan olunmuş maddələrin ticarəti ilə məşğul olan qruplarla əlaqələndirilməsi müzakirələrə yol açıb. Şaman mədəniyyətində mənəvi məna daşıyan simvollardan biri hesab edilən şaman barabanının bu kontekstdə təqdim olunması bəzi tamaşaçıların narazılığına səbəb olub.
Etirazlardan sonra GÖK-DER rəhbərləri ilə görüşən Yılmaz Ərdoğan yazılı açıqlama yayıb. O, şaman barabanının mənəvi əhəmiyyətindən xəbərdar olmadıqlarını və səhnələrin hazırlanmasında heç bir qərəzli niyyət daşımadıqlarını bildirib.
Aktyor açıqlamasında belə deyib: “İlk növbədə çağırışımıza cavab verərək qonağımız olan GÖK-DER rəhbərlərinə təşəkkür edirəm. Görüş zamanı onlara şaman barabanı ilə bağlı həssaslığın, onun musiqi aləti kimi istifadəsinin müqəddəsliyinə xələl gətirdiyini bilmədiyimizi və bu səbəbdən heç bir pis niyyət daşımadığımızı bildirdim. Türk xalqının qədim mədəniyyətinə, tarixinə, inancına, milli və mənəvi dəyərlərinə hər zaman hörmətlə yanaşdığımı, bu münasibətimi illərdir əsərlərimdə ifadə etdiyimi söylədim. Lakin nəticədə bu vəziyyətin məlumat çatışmazlığından qaynaqlanan diqqətsizlik olduğunu qəbul edərək, komandamız adından, istəmədən də olsa hisslərini incitdiyimiz tamaşaçılardan üzr istədiyimizi bildirdim”.
Yılmaz Ərdoğan türk xalqının milli və mənəvi dəyərlərinə hörmət etdiyini vurğulayıb. O, GÖK-DER rəhbərliyi ilə qarşılıqlı anlaşma şəraitində baş tutan görüşdən məmnun qaldığını da qeyd edib.
