Minlərlə suriyalı ölkədən çıxarılır: Geri dönüş prosesi başladı

Cənubi Kipr Rum Administrasiyası ölkədə yaşayan suriyalı sığınacaq axtaran şəxslərin məcburi geri qaytarılması prosesinə başlayıb.

Referans Media xəbər verir ki, Rum Administrasiyasının Miqrasiya və Beynəlxalq Müdafiə üzrə katibi Nikolas Yoannidis bildirib ki, sığınacaq müraciətləri məhkəmə tərəfindən yekun olaraq rədd edilən suriyalıların ölkədən çıxarılması həyata keçiriləcək. Deportasiya əməliyyatlarının polis və digər dövlət qurumları ilə koordinasiyalı şəkildə aparıldığı qeyd olunub. Yeni prosesin maliyyə dəstəyi ilə həyata keçirilən könüllü geri dönüş proqramlarından sonra başladığı bildirilir.

Rum Administrasiyasının açıqladığı məlumatlara görə, 2024-cü ilin dekabrından indiyədək 5 mindən çox suriyalının sığınacaq müraciəti rədd edilib.

Həmin dövrdə təxminən 6 min suriyalı könüllü şəkildə ölkəsinə qayıdıb. 6 mindən çox şəxs Suriyaya geri dönmək niyyətini bildirib. Beynəlxalq müdafiə meyarlarına artıq cavab verməyən şəxslərin ikinci dərəcəli müdafiə statusları ləğv edilib. Nikolas Yoannidis hüquqi əsası olmayan sığınacaq müraciətlərinin rədd edilməsinin davam etdiriləcəyini açıqlayıb.

Rum Administrasiyası qanuni statusu olmayan şəxsləri işə götürən işəgötürənlərə və onlara yaşayış yeri verən ev sahiblərinə də xəbərdarlıq edib. Rəsmilər həmin şəxslərlə bağlı dövlət qurumları ilə əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıblar. Məcburi geri qaytarılma tədbirlərinin aidiyyəti qurumların koordinasiyası ilə davam etdiriləcəyi bildirilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki