İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Son illərdə Azərbaycana qarşı təsir cəhdləri klassik casusluqdan kənara çıxaraq radikal qruplar, informasiya şəbəkələri, siyasi mühacirlər və sosial media üzərindən aparılan hibrid fəaliyyətlərlə müşahidə olunur. Avropada yaşayan bəzi azərbaycanlı siyasi mühacirlərin müxtəlif siyasi kampaniyalarda istifadə edilməsi də təhlükəsizlik baxımından risk kimi qiymətləndirilir.

Referans Media bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə qazandığı siyasi, hərbi və diplomatik uğurlar ölkəyə qarşı istifadə olunan təsir vasitələrinin xarakterini dəyişdirib:

“Əgər əvvəllər əsas diqqət hərbi-siyasi təzyiqlərə yönəlirdisə, hazırda informasiya mühiti, sosial media və xaricdə fəaliyyət göstərən siyasi qruplar vasitəsilə təsir cəhdləri daha çox ön plana çıxır. Müxtəlif hesabatlarda xarici xüsusi xidmət orqanlarının bəzi mühacirlərlə əlaqə yaratmağa çalışdığı, məqsədin isə ictimai rəyə təsir göstərmək və insan hüquqları, dini azadlıqlar kimi mövzuları geosiyasi alətə çevirmək olduğu qeyd edilir. Beynəlxalq təcrübə də bu cür informasiya və təsir əməliyyatlarının təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrildiyini göstərir”.

Zahid Oruc qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı istifadə olunan vasitələr də dəyişib:

“İranla əlaqəli bəzi şəbəkələr xaricdə yaşayan siyasi mühacirlərdən informasiya və təsir əməliyyatlarında istifadə etməyə çalışır. Bu cür fəaliyyətlərin məqsədi ictimai rəyə təsir göstərmək, dövlət institutlarına inamı zəiflətmək və siyasi təzyiq yaratmaqdır. 2022-ci ildə Londondakı Azərbaycan səfirliyinə qarşı hücum isə radikal qrupların və hibrid təsir vasitələrinin yaratdığı təhlükələrə nümunə kimi göstərilir.

Xaricdə yaşayan bəzi siyasi mühacir, bloger və ictimai fəallar geosiyasi məqsədlər üçün təsir alətinə çevrilə bilər. İnformasiya manipulyasiyası, radikal şəbəkələr və xarici təsir əməliyyatları Azərbaycanın milli təhlükəsizlik gündəliyinin mühüm hissəsidir. Dövlət bu çağırışlara hüquqi, diplomatik, informasiya və təhlükəsizlik tədbirləri ilə cavab verir. Bununla yanaşı, xaricdə yaşayan azərbaycanlıların böyük əksəriyyəti ölkələrinin qanunlarına hörmət edən və Azərbaycanın nüfuzuna töhfə verən şəxslərdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki