Ermənistan Xarici İşlər Nazirinin müavini Vaan Kostanyan beynəlxalq platformada çıxışı zamanı TRIPP layihəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Referans Media Globalinfo.az-a istinadən xəbərin verir ki, görə, o bildirib ki, TRIPP layihəsi yalnız regiondaxili nəqliyyat əlaqələrinin bərpası ilə kifayətlənmir, eyni zamanda daha geniş geosiyasi və iqtisadi əhəmiyyət daşıyır.
Kostanyanın sözlərinə görə, bu təşəbbüs praktikada Ermənistanın cənub hissəsinin Naxçıvan dəmir yolu vasitəsilə ölkənin şimalı ilə birləşdirilməsinə imkan yaradacaq. O qeyd edib ki, layihə təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməkdən ibarət deyil, həm də Mərkəzi Asiyanı Avropa ilə birləşdirən strateji marşrut rolunu oynaya bilər.
Diplomat əlavə edib ki, kommunikasiya xətlərinin açılması Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə ABŞ tərəfdaşları ilə birgə müəssisənin yaradılması müzakirə mövzusudur. Artıq texniki-iqtisadi əsaslandırma üzərində işlərə başlanılıb.
Ermənistan və Azərbaycan münasibətlərinə toxunan nazir müavini qeyd edib ki, hər iki ölkə liderləri artıq sülhün əldə olunduğunu bəyan edir. Onun sözlərinə görə, tərəflər arasında birbaşa ticarətə də başlanılıb, o cümlədən Ermənistana Azərbaycandan yanacaq idxalı həyata keçirilir və gələcəkdə ixrac imkanları da nəzərdə tutulur.
Bundan əlavə, Kostanyan bildirib ki, tərəflər arasında ictimai səviyyədə təmaslar genişlənir, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri təşkil olunur.























