Çinin BYD şirkətinə məxsus avtomobillərin ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Okinava prefekturasında yerləşən bazasına daxil olmasına qadağa qoyulub.
Referans Media xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Yaponiyadakı hərbi komandanlığı bu qərarı təhlükəsizlik səbəbilə qəbul edib. Məqsəd nəqliyyat vasitələrindəki kameralar və sensorlar vasitəsilə hərbi obyektlə bağlı məlumatların sızmasının qarşısını almaqdır.
Bildirilib ki, oxşar məhdudiyyətlərin ABŞ-ın Cənubi Koreyada və digər ölkələrdə yerləşən hərbi bazalarında da tətbiqi mümkündür.
Okinavadakı ABŞ qüvvələrinin zabiti Alli Stormer açıqlamasında BYD avtomobillərinin hərbi qulluqçular və hərbi baza üçün qəbuledilməz, qarşısı alınması mümkün olmayan risklər yaratdığını bildirib. Bununla belə, o, konkret təhlükələrin nədən ibarət olduğunu açıqlamayıb.
Qeyd edək ki, Okinavadakı aviabaza ABŞ-ın Hind-Sakit okean regionunda yerləşən strateji əhəmiyyətli hərbi obyektlərindən biri hesab olunur./Globalinfo.az
