Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğv edilməsi təklif olunur. “Tullantılar haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olunarsa, avtomobillərin utilizasiyası, eləcə də bu proses çərçivəsində verilən güzəştlər və birdəfəlik ödənişlər dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Bu dəyişiklik utilizasiya proqramının gələcək taleyi ilə bağlı suallar yaradıb. Bəs fondun ləğvi avtomobillərin utilizasiyasının dayandırılması deməkdirmi? Yeni maliyyələşmə mexanizmi sürücülər üçün daha əlverişli şərtlər vəd edirmi?
Nəqliyyat eksperti Raqif Raufoğlu Referans Media-ya açıqlamasında bildirib ki, fondun ləğvi utilizasiya prosesinin dayandırılması anlamına gəlmir. Lakin əsas məsələ dövlət büdcəsindən bu məqsədlə nə qədər vəsait ayrılacağının və sürücülərə təklif ediləcək ödəniş məbləğinin necə müəyyənləşdiriləcəyidir.
“Dövlət büdcəsi hesabına maliyyələşəcəksə, deməli, utilizasiya dayandırılmayacaq. Sadəcə, burada əsas sual büdcədən nə qədər vəsaitin nəzərdə tutulacağıdır. Çünki indiyə qədər ödənişlərin məbləği utilizasiya fonduna toplanan vəsaitə uyğun formalaşırdı. Hazırda birdəfəlik ödəniş 1500 manat nəzərdə tutulub”.
Ekspertin sözlərinə görə, əvvəlki mexanizmdə fonda toplanan vəsaitin artması gələcəkdə utilizasiya üçün verilən ödənişlərin də yüksələcəyi ilə bağlı gözləntilər yaradırdı. Bu isə avtomobil sahiblərinin köhnə nəqliyyat vasitələrini utilizasiyaya verməkdə marağını artıra bilərdi.
“Biz gözləyirdik ki, fonda yığılan pul artdıqca utilizasiyaya görə verilən məbləğ də çoxalacaq. Çünki ödəniş məbləği artmasa, sürücülərin bu prosesdə marağı o qədər də yüksək olmayacaq. İndi əsas məsələ dövlət büdcəsinin daha yaxşı təklif irəli sürüb-sürməyəcəyidir”.
Beləliklə, fondun ləğvi utilizasiya proqramının dayandırılması deyil, onun maliyyələşmə mənbəyinin dəyişdirilməsi deməkdir. Yeni mexanizmin avtomobil sahibləri üçün nə dərəcədə cəlbedici olacağı isə dövlət büdcəsindən ayrılacaq vəsaitdən və birdəfəlik ödənişlərin gələcəkdə artırılıb-artırılmayacağından asılı olacaq.
Sima Babayeva
