Kredit borcu olanların NƏZƏRİNƏ: Bu əmlakları bank əlinizdən ala bilməz

Azərbaycanda bank kreditləri üzrə borcların vaxtında ödənilməməsi vətəndaşların əmlakının hərrac yolu ilə satışa çıxarılması ilə nəticələnə bilər. Lakin bankın borca görə vətəndaşın əmlakını müsadirə etməsi müəyyən hüquqi prosedurlar və qanunvericilikdə nəzərdə tutulan şərtlər çərçivəsində mümkündür. Bəs hansı hallarda borclunun daşınar və daşınmaz əmlakına tələb yönəldilə bilər, ailənin yeganə yaşayış sahəsi və digər əmlakları bu prosesdən necə qorunur?

Referans Media-ya açıqlama verən hüquqşünas Rahib Əliyev bildirib ki, Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa və Mülki Məcəlləsinə əsasən, bank borcuna görə vətəndaşın əmlakının müsadirə edilməsi və ya hərrac yolu ilə satılması məhkəmə qərarı və ya notariusun icra qeydi əsasında həyata keçirilə bilər.

Onun sözlərinə görə, bankın öz təşəbbüsü ilə vətəndaşın əmlakını onun əlindən almaq hüququ yoxdur.

Borclunun daşınar və daşınmaz əmlakına tələb borclu ilə bank arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq məhkəmə qaydasında yönəldilə bilər. Əgər borcun ödənilməsində gecikmələr olduğu təqdirdə tələbin borclunun əmlakına yönəldiləcəyi ilə bağlı müqavilədə şərt yoxdursa və “İcra haqqında” Qanunda nəzərdə tutulan, tutmanın yönəldilə biləcəyi digər əmlak növləri mövcuddursa, borcun tutulması tələbi borclunun daşınar və daşınmaz əmlakına yönəldilə bilməz.

Hüquqşünas qeyd edib ki, bundan başqa, “İcra haqqında” Qanuna və “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarına əsasən, təsdiq edilmiş siyahıda qeyd olunan əmlaklara tələbin yönəldilməsinə yol verilmir.

Həmin siyahının birinci bəndində qeyd edilir ki, borclunun və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələrinə, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə), yəni ailənin yeganə yaşayış sahəsinə tutmanın yönəldilməsinə yol verilmir.

Əlavə olaraq, həmin siyahıya əsasən, ailə üzvləri olan uşaqlara məxsus əmlaka da tələbin yönəldilməsinə yol verilmir.

Rahib Əliyev bildirib ki, məhkəmə təcrübəsinə əsasən, bankdan alınmış kredit ümumilikdə ailənin ehtiyacları üçün istifadə edilibsə, ailənin ümumi birgə mülkiyyətində olan əmlaklara da məhkəmə qərarı ilə tələb yönəldilməsi mümkündür. Lakin ailə üzvlərinin digər əmlaklarına, yəni onlara miras qalmış, hədiyyə verilmiş və digər bu kimi əmlaklara tələbin yönəldilməsinə yol verilmir.

Hüquqşünasın sözlərinə görə, vətəndaş əmlakının qanunsuz olaraq həbs edilməsindən və ya satışa çıxarılmasından müdafiə olunmaq üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, ölkədə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki