Kremlə bağlı qurumun sızdırılmış sənədləri Ermənistanda həyata keçirilən əməliyyatın detallarını üzə çıxarıb.
Referans Media xəbər verir ki, FIP.am-ın araşdırmasına əsasən, sızdırılmış sənədlər Kreml ilə əlaqələndirilən “Sosial Dizayn Agentliyi”nin (SDA) Ermənistan da daxil olmaqla bir sıra ölkələrdə informasiya əməliyyatları həyata keçirdiyini göstərir.
Araşdırmada bildirilir ki, fəaliyyətin əsas məqsədi ictimai rəyə təsir göstərmək, müəyyən siyasi narrativləri təşviq etmək və ayrı-ayrı siyasətçiləri nüfuzdan salmaq olub. Ermənistanla bağlı hissədə Baş nazir Nikol Paşinyana qarşı yönəldilmiş kampaniyalara xüsusi yer ayrılıb.
Məlumata görə, bu kampaniyalardan biri çərçivəsində Paşinyanın Fransanın Marsel şəhərində bahalı villa aldığı barədə məlumatlar yayılıb. Araşdırma müəllifləri həmin məlumatın dezinformasiya xarakterli olduğunu qeyd edirlər.
Sızdırılmış sənədlərdə məlumatların yayılması üçün saytlar şəbəkəsindən, sosial media hesablarından və axtarış sistemlərinin imkanlarından istifadə edildiyi bildirilir. Həmçinin Rusiyadakı erməni diasporiyasına yönəlmiş media layihələrinin fəaliyyəti barədə məlumatlar da yer alıb.
FIP.am-ın məlumatına görə, sənədlər müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilən koordinasiyalı informasiya əməliyyatlarının mexanizmini və onların idarə olunma üsullarını əks etdirir./Musavat.com
