Kritik gəlişmə: Zəngəzur dəhlizi açılır? – Başqa bir müharibə ilə… backend

Kritik gəlişmə: Zəngəzur dəhlizi açılır? – Başqa bir müharibə ilə… 

  İsrail–İran müharibəsi fonunda gündəmə gələn digər mühüm məsələ Zəngəzur dəhlizidir. Bildirilir ki, hazırda bu dəhlizin açılmasına məhz rəsmi Tehran qarşı çıxır. Lakin İsraillə münaqişə fonunda İranın bu məsələni arxa plana atacağı, savaşın uzun müddət davam edəcəyi halda isə Zəngəzurla bağlı “qırmızı xətt”ini pozub, konstruktiv mövqe sərgiləyəcəyi düşünülür.

İsrail–İran münaqişəsi və nəticələri fonunda Zəngəzur dəhlizi açıla bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, İran hazırda İsrail və onun müttəfiqləri ilə gərgin hərbi qarşıdurmadadır:

“Bu vəziyyət Tehran üçün ciddi daxili və xarici təhlükəsizlik problemləri yaradıb. Resurslar hərbi sahəyə yönəlib, diplomatik və siyasi diqqət əsasən Yaxın Şərqə cəmlənib. Belə bir şəraitdə İranın Cənubi Qafqazdakı aktivliyi müəyyən qədər zəifləyə bilər və bu, Zəngəzur dəhlizinin reallaşması üçün müəyyən taktiki imkanlar yaradır.

Lakin İranın Zəngəzur məsələsinə yanaşması təkcə taktiki deyil, stratejidir. Dəhliz vasitəsilə Azərbaycanın Naxçıvanla quru əlaqə qurması və Türkiyənin birbaşa Orta Asiyaya çıxış qazanması Tehran tərəfindən geosiyasi risk kimi qəbul edilir. Ona görə də İran hərbi baxımdan zəifləmiş olsa belə, Ermənistanla əməkdaşlıq, diplomatik ritorika və regional təsir vasitələri ilə dəhlizin açılmasına mane olmaq xəttini tam tərk etməyəcək.

Başqa sözlə, hazırkı müharibə İranın bu məsələdə imkanlarını qısa müddətdə azalda bilər, amma bu zəifləmə Zəngəzur dəhlizinə qarşı strateji mövqeyinin aradan qalxacağı anlamına gəlmir. Bu səbəbdən də prosesin uğurla nəticələnməsi üçün diplomatik təşəbbüslərin intensivliyi və regional güc balansının dinamikası həlledici rol oynayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki