“Real Madrid”in ulduz futbolçuları Arda Güler və Kylian Mbappe arasında münasibətlərin gərgin olduğu iddialarına nöqtə qoyulub.
Referans Media xəbər verir ki, La Liqanın 33-cü turunda “Alaves”i qəbul edən “Real Madrid” oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Matçın 30-cu dəqiqəsində Arda Güler dəqiq ötürmə ilə Mbappenin qol vurmasına şərait yaradıb. Qoldan sonra iki futbolçunun səmimi sevinc anları diqqətdən qaçmayıb.
Oyundan sonra Mbappe sosial şəbəkə hesabında Arda ilə birgə fotosunu paylaşaraq “Mənim kiçik qardaşım” qeydini yazıb. Bu paylaşım son günlər yayılan “Arda Güləri sevmir” iddialarına cavab kimi qiymətləndirilib.
Fransız futbolçunun bu addımı onların münasibətlərinin əksinə, olduqca yaxşı olduğunu göstərib və müzakirələrə son qoyub.























