Meteohəssas insanlar kimlərdir və əlverişsiz hava şəraitində nə etməlidirlər? AÇIQLAMAbackend

Meteohəssas insanlar kimlərdir və əlverişsiz hava şəraitində nə etməlidirlər? AÇIQLAMA

  Havaların kəskin istiləşməsi ilə əlaqəli hər gün “meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə edilir” xəbərləri ilə qarşılaşırıq.

Bəs meteohəssas insanlar kimlərdir? Onlar üçün əlverişsiz sayılan hava şəraiti hansı problemlər yaradır? Əlverişsiz havalarda hansı tədbirləri görmək lazımdır?

Referans xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-ın suallarını Nizami Tibb Mərkəzinin həkim-terapevti Könül Muxtarova cavablandırdı.

Həkimin sözlərinə görə, meteohəssas insanlar orqanizmi hava şəraitinin, havanın temperaturunun, atmosfer təzyiqinin, küləyin, rütubətin, maqnit qasırğasının dəyişməsinə həssas reaksiya verən insanlardır.

“Bu şəxslər havadakı dəyişiklikləri başağrısı, ürək döyüntüsü, halsızlıq kimi fiziki əlamətlərlə hiss edirlər”.

Onun sözlərinə görə, ürək-damar sistemi, oynaq problemləri, arterial hipertoniyası olanlar, yaşlı insanlar, hamilə qadınlar, qan azlığı olan, təzyiqi aşağı olan və sinir sistemi zəif insanlar meteohəssas şəxslər qrupuna aid edilir.

Hava şəraitinin dəyişməsi meteohəssas şəxslərin orqanizmində bir sıra reaksiyalara səbəb olur. Havanın isinməsi və ya soyumasından asılı olaraq qan damarlarında daralma və ya genişlənmə əmələ gəlir ki, bu da təzyizi dəyişdirir. Eyni zamanda, sinir sistemində gərginlik, bunun nəticəsində də narahatlıq, yuxusuzluq meydana çıxır. Hormonal balans pozulur. Revmatizm və ya reaktiv artritlərdən şikayət edən şəxslərdə iltihabi və revmatik ağrılar arta bilər”, – həkim qeyd edir.

Onun sözlərinə görə, bu problemlər havaların kəskin istiləşməsi və yaxud kəskin soyuması, yüksək rütubətli, quru hava, güclü külək, atmosfer təzyiqinin sürətlə dəyişməsi, Günəşdə baş verən maqnit qasırğaları zamanı meydana çıxır və başağrı, başgicəllənmə, yuxusuzluq, əsəbilik, qan təzyinin düşməsi və yüksəlməsi, taxikardiya, oynaq, əzələ ağrıları, tənəffüs çətinliyi və xroniki xəstəliklərin kəskinləşməsi kimi özünü biruzə verir.

Bəs əlverişsiz havalarda bu şəxslərə nə tövsiyə edilir?

Həkim deyir ki, əlverişsiz hava şəraiti müşahidə olunan günlərdə bu şəxslərə ilk tövsiyə gündəlik rejimə əməl etməkdir.

“Düzgün, yaxşı yuxu, qidalanma və istirahət vaxtları sabit qalmalıdır. Dehidratasiyanın qarşısını almaq üçün gün ərzində 8 stəkana qədər su qəbul edilməlidir. Ağır fiziki işlərdən çəkinmək lazımdır. Həmin şəxslərin daimi istifadə etdikləri dərmanları varsa, onları vaxtında qəbul etməlidirlər. Stressdən uzaq olmaq məsləhətdir. Nəfəs məşqləri, rahat musiqiyə qulaq asmaq lazımdır. Xüsusən də, rütubətli havada çox qalmamaq lazımdır. Bunların heç biri kömək etməsə, həkimə müraciət edib bitki tərkibli sakitləşdiricilərdən istifadə edilə bilər”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki