Milli Məclis əhalini sevindirəcək QƏRAR VERDİ: Azərbaycanda yeni dövr başlayır

Milli Məclisdə I oxunuşda qəbul edilən "Kraudfandinq haqqında" qanun layihəsi Azərbaycanda alternativ maliyyələşdirmə mexanizmlərinin inkişafı baxımından mühüm yenilik kimi qiymətləndirilir. Yeni qanunun startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışına, eləcə də investisiya mühitinə təsiri maraq doğuran əsas məsələlərdəndir. 

Mövzu ilə bağlı Referans Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qanun layihəsinin üstünlüklərini və mümkün risklərini dəyərləndirib.

Onun sözlərinə görə, "Kraudfandinq haqqında" qanun layihəsinin qəbul edilməsi Azərbaycanda alternativ maliyyələşdirmə alətlərinin inkişafı baxımından mühüm addım hesab oluna bilər. Bu mexanizm xüsusilə bank kreditlərinə çıxışda çətinlik çəkən startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yeni maliyyə mənbələri yaradacaq. İnnovativ biznes ideyalarının daha geniş investor kütləsinə təqdim edilməsi və kiçik məbləğli investisiyalar hesabına maliyyələşdirilməsi sahibkarlıq ekosisteminin inkişafını sürətləndirə bilər.

A.Nəsirli bildirib ki, qanunun uğurlu tətbiqi sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmaqla yanaşı, investisiya mədəniyyətinin formalaşmasına və vətəndaşların iqtisadi proseslərdə daha fəal iştirakına da töhfə verə bilər. Bu, yeni texnologiyalar, innovasiya və rəqabətqabiliyyətli biznes layihələrinin meydana çıxmasını stimullaşdıracaq.

Ekspert vurğulayıb ki, bununla yanaşı, investorların hüquqlarının etibarlı qorunması, platformaların fəaliyyətinə effektiv nəzarət, məlumatların tam və şəffaf açıqlanması, eləcə də risklərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
"Kraudfandinq yüksək gəlir imkanları təqdim etsə də, uğursuz layihələr, maliyyə itkiləri və dələduzluq riskləri də mövcuddur. Buna görə də platformaların lisenziyalaşdırılması, layihələrin qiymətləndirilməsi, məlumat açıqlığı və investorlara risklər barədə aydın məlumat verilməsi mexanizmləri güclü qurulmalıdır", – deyə o qeyd edib.

İqtisadçının fikrincə, hüquqi baza beynəlxalq təcrübəyə uyğun şəkildə tətbiq olunarsa və effektiv nəzarət mexanizmləri təmin edilərsə, bu qanun ölkədə investisiya mühitinin daha da inkişafına, innovativ sahibkarlığın genişlənməsinə, maliyyə bazarının dərinləşməsinə və iqtisadiyyatın şaxələndirilməsinə müsbət təsir göstərə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki