Türkiyə Super Liqasının 10-cu turunda "Qaziantep FK"nı qəbul etməyə hazırlaşan “Trabzonspor” ciddi itki ilə üzləşib. Komandanın hücum xəttində fərqlənən futbolçularından Frankulino Dju zədələndiyi üçün qarşıdakı matçda meydana çıxa bilməyəcək.
Referans Media xəbər verir ki, 22 yaşlı Qvineya-Bisaulu hücumçunun əzələ nahiyəsində ödem və gərginlik aşkarlanıb. Bu səbəbdən onun "Qaziantep FK" ilə görüşdə iştirak etməyəcəyi bildirilir.
Dju bu mövsüm məhsuldar oyunu ilə diqqət çəkib. O, keçirdiyi 8 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun yoxluğu “Trabzonspor”un "Qaziantep FK" qarşılaşması öncəsi hücum planlarına təsir edə bilər.
“Trabzonspor”da əsas hədəf Frankulino Djunu "Freiburq"la keçiriləcək qarşılaşmaya qədər bərpa etməkdir. Bununla belə, futbolçunun həmin oyunda meydana çıxıb-çıxmayacağı hələ dəqiq deyil. Zədənin sağalma müddətinin əzələdəki ödem və gərginliyin vəziyyətindən asılı olaraq müəyyənləşəcəyi gözlənilir.
Djunun yoxluğundan sonra "Qaziantep FK" ilə matçda hücum xəttində kimin oynayacağı da maraq doğurur. Gözləntilərə görə, Paul Onuaçu qarşılaşmaya start heyətində başlayacaq və komandanın hücumunda əsas rol oynayacaq.
