İlham Əliyevin xüsusi nümayəndəsi Vyetnam Prezidenti ilə görüşdü – Hanoydan Bakıya mühüm mesajlar

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vyetnama işgüzar səfəri zamanı ölkənin ali rəhbərliyi ilə danışıqlar aparıb. Görüşlərdə strateji tərəfdaşlığın genişləndirilməsi, müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub. Vyetnam rəhbərliyi Bakının regional sülh siyasətinə dəstəyini ifadə edib.

Referans Media xəbər verir ki, Elçin Əmirbəyov səfər çərçivəsində Vyetnam Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbəri Le Khanh Hai, administrasiyanın digər yüksəkvəzifəli təmsilçiləri, parlamentin Milli müdafiə, təhlükəsizlik və xarici əlaqələr komitəsinin rəhbərliyi, Vyetnam Diplomatik Akademiyasının prezidenti və bir sıra rəsmi şəxslərlə görüşüb.

WhatsApp Image 2026-10-31 at 08.38.36 (1).jpeg (89 KB)

To Lamdan İlham Əliyevə və Mehriban Əliyevaya salam

Vyetnam Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi salamlarını, ən xoş arzularını çatdırmağı xahiş edib.

O, 2025-ci ilin mayında Bakıya dövlət səfərini, Azərbaycan rəhbərliyi tərəfindən göstərilən yüksək qonaqpərvərliyi və aparılan danışıqları minnətdarlıqla xatırlayıb.

To Lam Azərbaycanın son illərdə qazandığı nailiyyətləri, beynəlxalq nüfuzunun artmasını və AQEM-in 7-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirib.

WhatsApp Image 2026-10-31 at 08.38.36.jpeg (90 KB)

Bakı və Hanoy əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Danışıqların əsas mövzularından biri 2025-ci ildə imzalanmış Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın icrası olub.

Tərəflər siyasi dialoqun intensivləşdirilməsi, yüksək səviyyəli səfərlərin davam etdirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Xüsusilə neft-qaz, bərpa olunan enerji, müdafiə sənayesi, təhlükəsizlik, nəqliyyat, logistika və təhsil sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Qarşılıqlı investisiyaların artırılması və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi vacib sayılıb.

Müdafiə sənayesi və təhlükəsizlik sahələrinin danışıqların gündəliyinə daxil edilməsi iki ölkə arasında strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından diqqət çəkir.

Parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qrupları arasında əməkdaşlığın genişləndirilməsi də müzakirə edilib.

WhatsApp Image 2026-10-31 at 08.38.37 (1).jpeg (148 KB)

Ermənistanla sülh məsələsi Hanoyda gündəmə gəldi

Səfərin mühüm siyasi məqamlarından biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı aparılan müzakirələr olub.

Elçin Əmirbəyov Vyetnam rəsmilərini Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində atılan addımlar, Bakının mövqeyi və gözləntiləri barədə məlumatlandırıb.

Vyetnam tərəfi normallaşma prosesində əldə olunan irəliləyişi müsbət qiymətləndirərək regionda dayanıqlı sülhün bərqərar olmasına dəstəyini bildirib.

Görüşlərdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, həmçinin mina təhlükəsi ilə mübarizə məsələləri də qaldırılıb. Əmirbəyov bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

WhatsApp Image 2026-10-31 at 08.38.37 (3).jpeg (169 KB)

68 illik tarixi əlaqələr və yeni diplomatik hədəflər

Tərəflər Azərbaycan-Vyetnam dostluğunun tarixi əsaslarını da xatırladıblar.

1959-cu ildə Ho Şi Minin Azərbaycana, 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfərləri iki xalq arasında əlaqələrin formalaşmasında mühüm mərhələlər kimi dəyərləndirilib.

İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Sanın isə 2015-ci ildə Azərbaycana səfərləri münasibətlərin inkişafına əlavə təkan verib.

2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd olunacaq. Bu münasibətlə birgə tədbirlərin təşkili və yüksək səviyyəli siyasi təmasların davam etdirilməsi planlaşdırılır.

WhatsApp Image 2026-10-31 at 08.38.36 (2).jpeg (103 KB)

Azərbaycanın Asiya diplomatiyasında yeni imkanlar

Elçin Əmirbəyovun Hanoy səfəri Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində diplomatik və iqtisadi əlaqələrini genişləndirmək səyləri fonunda diqqət çəkir.

Regionun mühüm iqtisadi və siyasi aktorlarından olan Vyetnamla tərəfdaşlıq Azərbaycan üçün yeni bazarlara çıxış, investisiya imkanlarının artırılması və beynəlxalq əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

Səfərin əsas siyasi nəticəsi isə strateji tərəfdaşlığın inkişafı ilə yanaşı, Vyetnam rəhbərliyinin Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərinə dəstəyini bir daha ifadə etməsidir./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki