Ukraynanın müdafiə sənayesi şirkəti "Fire Point" Rusiya ərazisindəki yanacaq-energetika kompleksinin obyektlərinə seriya zərbələrin bərpa olunduğunu rəsmən təsdiqləyib.
Referans Media xəbər verir ki, istehsalçı müəssisənin bəyanatına əsasən, uzaqmənzilli "FP-1" kamikadze pilotsuz uçuş aparatları Samara vilayətində yerləşən "Novokuybışev Neft Emalı Zavodu"nu uğurla vurub.
Bundan əvvəl beynəlxalq mətbuatda Donald Trampın Kiyevdən Rusiya neft infrastrukturuna hücumları dayandırmağı xahiş etdiyi barədə məlumatlar yayılmışdı. Ukrayna Prezidenti Volodimir Zelenski bu tələblərə cavab olaraq qarşılıqlı "energetika atəşkəsi" elan edilməsini və ya Ukraynaya əlavə HHM və raketəleyhinə müdafiə sistemlərinin verilməsini şərt kimi irəli sürmüşdü.
Lakin Amerika tərəfindən tələb olunan kömək və təhlükəsizlik zəmanətləri alınmadığı üçün Ukrayna tərəfi Rusiya NİŞ-lərinə qarşı zərbələri yenidən aktivləşdirmək qərarına gəlib./Musavat.com/
