Qazax rayonunda təbiət hadisəsi ciddi fəsadlara və qorxulu anlara səbəb olub. Rayonun böyük yaşayış məntəqələrindən birində ildırım çaxması güclü partlayışlarla müşayiət edilib.
Referans Media xəbər verir ki, hadisə Qazax rayonunun Çaylı kəndində qeydə alınıb. Kənd ərazisinə düşən güclü ildırım bir neçə yüksək gərginlikli elektrik xəttini vurub. İldırımın naqillərə və transformatorlara düşməsi nəticəsində kəndin müxtəlif istiqamətlərində ard-arda dəhşətli partlayışlar baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar zamanı ətrafa güclü alov və qığılcımlar səpələnib, bu isə sakinlər arasında böyük təşvişə səbəb olub. Kəndin bir neçə nöqtəsində eyni anda yaşanan bu qəza bütün yaşayış məntəqəsində elektrik enerjisinin tamamilə kəsilməsi ilə nəticələnib. Çaylı kəndi qaranlığa qərq olub.
Dərhal hadisə yerinə və qəza nöqtələrinə aidiyyəti qurumların operativ qəza-bərpa briqadaları cəlb edilib. Hazırda ərazidə infrastrukturun bərpası və kəndə elektrik enerjisinin yenidən verilməsi istiqamətində işlər davam etdirilir. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
