Qərbi Nil virusu ilə bağlı həyəcan: Ölü sayı 5-ə çatdı

Niderlandda Qərbi Nil virusuna yoluxma hallarının sayı artmaqda davam edir.

Referans Media xəbər verir ki, Niderland Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) ölkədə virusla bağlı son statistik məlumatları açıqlayıb.

İnstitutun məlumatına görə, sentyabrın 17-də yayımlanan son yeniləmədən sonra daha 16 nəfərdə Qərbi Nil virusu aşkarlanıb. Yoluxanlardan biri virus səbəbindən həyatını itirib.

Bununla da Niderlandda bu il Qərbi Nil virusu səbəbindən ölənlərin sayı 5-ə, ümumi yoluxma hallarının sayı isə 44-ə yüksəlib. Yeni yoluxmaların hamısının virus daşıyan ağcaqanadların dişləməsi nəticəsində baş verdiyi bildirilib.

Yoluxma hallarının 23-ü Cənubi Hollandiya, 10-u Utrext, 4-ü Şimali Hollandiya, 4-ü Şimali Brabant, 2-si Gelderland və 1-i Overijssel əyalətində qeydə alınıb.

At və quşlarda da virus aşkarlanıb

Niderlandda ötən il insanlar arasında Qərbi Nil virusuna yoluxma qeydə alınmasa da, bu il heyvanlar arasında da virusun yayılması müşahidə edilir.

Son bir həftə ərzində daha 88 at və 100 quşda virus aşkarlanıb. Beləliklə, bu il virus aşkar edilən atların sayı 136-ya, quşların sayı isə 171-ə çatıb.

Qərbi Nil virusu nədir?

Qərbi Nil virusu əsasən Culex cinsinə aid ağcaqanadların dişləməsi ilə insanlara keçir. Virusa qarşı hazırda təsdiqlənmiş vaksin yoxdur. Buna görə də mütəxəssislər ağcaqanad dişləmələrindən qorunmağı tövsiyə edirlər.

Virusun inkubasiya dövrü adətən 2-14 gün arasında dəyişir. İmmunitet sistemi zəif olan insanlarda bu müddətin 21 günə qədər uzana biləcəyi bildirilir.

Virusla yoluxan insanların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur. Yoluxanların təxminən 20 faizində isə qızdırma, halsızlıq, ürəkbulanma və qusma, baş ağrısı, həmçinin əzələ ağrıları kimi simptomlar yarana bilər.

İlk dəfə Afrikada aşkar edilən Qərbi Nil virusu sonradan Avropanın müxtəlif ölkələrində də yayılıb. Xüsusilə Fransa, İtaliya, İspaniya və Portuqaliyada virusla bağlı hallar qeydə alınıb. Almaniyada isə 2019-cu ildən etibarən hər il yeni yoluxma hallarının olduğu bildirilir.

Niderlandda Qərbi Nil virusu ilk dəfə 2020-ci ildə aşkarlanıb. Həmin vaxtdan etibarən ölkədə ağcaqanadlarda, bəzi vəhşi quşlarda, atlarda və az sayda insanda virusa rast gəlinir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki