Almaniyada müxalifətdə olan Almaniya üçün Alternativ (AfD) partiyasının Bundestaqdakı fraksiyası Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün qarşısının alınmasını, həmçinin Kiyevə hərbi təminatlar verilməməsini tələb edən qətnamə layihəsi təqdim edib.
Referans MEDİA Bundestaqın rəsmi saytında dərc olunan sənədə əsasən, AfD fraksiyası Almaniya hökumətini Ukraynanın Aİ və NATO-ya inteqrasiyasına qarşı çıxmağa çağırıb.
Fraksiyanın sədr müavini Markus Frohnmayer bildirib ki, Ukrayna nə NATO-ya, nə də Avropa İttifaqına üzv olmalıdır və Almaniya Kiyevə hərbi yardım göstərmək öhdəliyi götürməməlidir.
AfD deputatlarının fikrincə, Avropa İttifaqı haqqında Müqavilənin 42-ci maddəsində nəzərdə tutulan qarşılıqlı yardım mexanizminin Ukraynaya şamil edilməsi Almaniyanın Rusiya ilə mümkün münaqişəyə cəlb olunması riskini artıracaq.
Qətnamədə həmçinin Ukraynaya Avropa İttifaqında assosiativ üzvlük və ya buna bənzər inteqrasiya formatlarının verilməsinin də rədd edilməsi, tamhüquqlu üzvlüyünün isə ümumiyyətlə istisna olunması təklif edilir.
Sənəddə vurğulanır ki, Almaniya Ukrayna ilə yalnız "imtiyazlı tərəfdaşlıq" münasibətlərini inkişaf etdirməlidir. Bu çərçivədə Avropa standartlarına cavab verdiyi halda Ukrayna məhsullarının Aİ-nin daxili bazarına çıxışına imkan yaradılması mümkün hesab olunur.
AfD fraksiyası eyni zamanda Almaniyanın Ukraynanın yenidən qurulması üçün maliyyə vəsaiti ayırmasına da qarşı çıxır.
Qətnamə Bundestaqda təxminən 20 dəqiqə müzakirə olunduqdan sonra ətraflı baxılması üçün parlament komitələrinə göndərilib.
