ABŞ-ın məşhur qəhvə şəbəkəsi "Starbucks" Şimali Amerikadakı təxminən 250 mağazasını bağlamaq qərarına gəlib.
Şirkət bildirib ki, bağlanacaq filialların müəyyənləşdirilməsi zamanı müştəri və əməkdaş təcrübəsi, eləcə də mağazaların maliyyə göstəriciləri nəzərə alınıb.
Referans Media xəbər verir ki, "Starbucks"ın əməliyyat direktoru Mayk Qramsın açıqlamasına görə, şirkət Şimali Amerikadakı mağazalarını geniş şəkildə qiymətləndirib.
Qiymətləndirmə nəticəsində müştərilərə və əməkdaşlara gözlənilən xidmət və iş təcrübəsinin davamlı şəkildə təqdim edilə bilmədiyi və ya qənaətbəxş maliyyə nəticələrinə nail olmaq perspektivi olmayan məkanlar müəyyənləşdirilib. Bu çərçivədə təxminən 250 "Starbucks" mağazasının həftə ərzində bağlanacağı açıqlanıb. Bağlanacaq filialların şirkətin Şimali Amerikadakı 18 mindən çox mağazasının təxminən 1 faizini təşkil etdiyi bildirilib.
"Starbucks" şirkəti mağaza portfelinin idarə edilməsi çərçivəsində hər il müəyyən sayda filialın bağlandığını, eyni zamanda yeni mağazaların açıldığını qeyd edib. Şirkət Şimali Amerikada böyümə strategiyasının davam etdiriləcəyini vurğulayıb.
Açıqlamada mağazaların bağlanmasının şirkət üçün də asan qərar olmadığı bildirilib: “İstənilən qəhvə mağazasını bağlamaq çətin qərardır. Bu qərarın təsir edəcəyi əməkdaşlar, müştərilər və icmalar üçün də çətin olacağını bilirik.”
Şirkətin açıqlamasına görə, bağlanacaq mağazalar müştəri və əməkdaş təcrübəsinin lazımi səviyyədə təmin edilmədiyi, həmçinin qəbul edilə bilən maliyyə nəticələrinin əldə olunmasının mümkün olmadığı lokasiyalardan seçilib.
