Boşalan zalda Netanyahu səhnəyə çıxdı: Əlindəki cihazla dünyanı təhdid etdi

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı diqqətçəkən addım atıb. Çoxsaylı nümayəndə heyətinin etiraz olaraq zalı tərk etdiyi çıxışında Netanyahu kürsüdə çağrı cihazı göstərərək Hizbullaha mesaj verib.

Referans Media xəbər verir ki, Netanyahu cihazı nümayiş etdirərək “Çağrı cihazlarını xatırlayırsınız? Hizbullah bunu mütləq xatırlayır” deyib.

Netanyahunun bu ifadəsinin 2024-cü ilin sentyabrında Livanda Hizbullah üzvlərinin istifadə etdiyi minlərlə çağrı cihazının eyni vaxtda partlaması ilə bağlı hadisələrə işarə olduğu bildirilib. 17 sentyabr 2024-cü ildə baş verən ilk partlayışlarda 2-si uşaq olmaqla 12 nəfər həyatını itirib, təxminən 2 800 nəfər yaralanıb. Ertəsi gün isə Livanın müxtəlif bölgələrində rabitə cihazları ilə bağlı yeni partlayışlar qeydə alınıb.

Netanyahu çıxışının əvvəlində zalı tərk edən nümayəndələri “əxlaqi qorxaqlar” adlandırıb və getmək istəyən digər nümayəndələrə də salonu tərk etmələri barədə çağırış edib. Çoxsaylı nümayəndələrin çıxışından sonra Baş Assambleya salonunda çoxlu boş oturacaq qalıb.

Netanyahu çıxışında İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlarını müdafiə edib və bu qərarın onun baş nazirliyi dövründə verdiyi ən asan qərarlardan biri olduğunu bildirib. O, həmçinin Qəzza ilə bağlı İsrailə yönəldilən soyqırım və müharibə cinayətləri ittihamlarını rədd edib və İsrailin hərbi əməliyyatlarını müdafiə edib.

Netanyahunun Nyu-York səfəri zamanı BMT binası ətrafında da Qəzzadakı müharibəyə və İsrail hökumətinin siyasətinə qarşı etiraz aksiyaları keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki