Yəməndəki husilərin Səudiyyə Ərəbistanına qarşı raket hücumlarını artırmasından sonra Ər-Riyad Türkiyə və Pakistanla təcili toplantı keçirməyə hazırlaşır.
Referans Media xəbər verir ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın Baş Qərargah rəislərinin “Məkkə Birgə Müdafiə Sazişi” çərçivəsində bir araya gələcəyi açıqlanıb. Görüşdə husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına göstərilə biləcək hərbi dəstək müzakirə olunacaq.
Səudiyyə Ərəbistanı Yəməndən Taif və Yanbu istiqamətinə atılan 6 ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Bundan əvvəl, sentyabrın 19-da da Ər-Riyad husilərin paytaxt istiqamətinə raket atdığını və onun qarşısının alındığını bildirmişdi.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında avqustun 7-də imzalanan sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum hər üçünə qarşı hücum kimi qəbul edilir. Təcili toplantı qərarı üç ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirdiyi görüşdən sonra qəbul olunub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, saziş çərçivəsində ölkələrin bir-birinə qarşı müttəfiqlik məsuliyyəti var. O, Səudiyyə Ərəbistanının müəyyən texniki hərbi ehtiyaclarının qarşılanmasında Türkiyənin “sıxıntısının olmayacağını” deyib.
Hazırda Türkiyə və ya Pakistanın Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərəcəyi barədə rəsmi qərar yoxdur. Gözlər üç ölkənin Baş Qərargah rəislərinin keçirəcəyi toplantıya çevrilib.
