İyulun 1-dən etibarən Azərbaycanda gücü 25-60 Vt olan közərmə lampalarının idxalı, istehsalı və satışına qadağa qüvvəyə minib. Qərarın istehlakçılara və bazara təsiri müzakirə olunur.
Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı Asif İbrahimov bildirib ki, bu addım dünya praktikasında uzun illərdir tətbiq olunan enerji səmərəliliyi siyasətinin tərkib hissəsidir.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində analoji qərarlar artıq uzun müddətdir tətbiq edilir və əsas məqsəd elektrik enerjisi istehlakını azaltmaq, karbon emissiyalarını aşağı salmaq və daha səmərəli işıqlandırma texnologiyalarına keçidi sürətləndirməkdir.
İqtisadçı qeyd edib ki, qərarın iqtisadi təsirləri qısa və uzunmüddətli perspektivdə fərqli olacaq:
"Qısa müddətdə istehlakçılar üçün müəyyən əlavə xərclər yarana bilər. Çünki LED lampalarının alış qiyməti közərmə lampaları ilə müqayisədə daha yüksəkdir. Bu, xüsusilə aztəminatlı ailələr üçün ilkin alış xərclərinin artmasına səbəb ola bilər. Lakin uzunmüddətli perspektivdə LED lampalar daha sərfəli hesab olunur. Onlar təxminən 80-90 faiz daha az elektrik enerjisi sərf edir, xidmət müddəti isə közərmə lampalarından dəfələrlə uzundur. Nəticədə istehlakçılar həm elektrik enerjisinə, həm də lampaların tez-tez dəyişdirilməsinə çəkilən xərclərə qənaət edəcəklər. Dünya təcrübəsində də vəziyyət belədir."
Asif İbrahimov əlavə edib ki, beynəlxalq standartlara görə közərmə lampaları artıq köhnəlmiş texnologiya hesab olunur:
"Hazırda beynəlxalq standartlar tətbiq olunur və bu standartlara əsasən közərmə lampaları artıq tarixə qovuşmalı texnologiyalardandır. Dünyanın bir çox ölkəsində onlardan istifadə edilmir. Əsasən bəzi postsovet və Afrika ölkələri istisna təşkil edir. Buna görə də bu beynəlxalq standartlara keçid etməliyik."
Ekspert bildirib ki, bazarda qiymətlərin necə formalaşacağı rəqabət mühitindən asılı olacaq:
"Əgər LED lampalarının idxalı və satışı ilə kifayət qədər şirkət məşğul olarsa, rəqabət qiymətlərin sabit qalmasına, hətta zamanla ucuzlaşmasına səbəb ola bilər. Ancaq bazarda məhdud sayda iştirakçı üstünlük qazanarsa, qiymət artımı riski yarana bilər. Belə hallarda monopoliyanın, oliqopoliyanın və digər rəqabəti pozan halların qarşısının alınması üçün dövlət müvafiq tədbirlər görməlidir."
İqtisadçının fikrincə, bu qərar yerli istehsal üçün də yeni imkanlar yarada bilər:
"Əgər enerji səmərəli işıqlandırma məhsullarının istehsalına investisiyalar cəlb olunarsa, xammalın daha münasib qiymətlə təmin edilməsi istiqamətində dəstək göstərilərsə, gələcəkdə həm idxaldan asılılıq azalar, həm də qiymətlər daha rəqabətli şəkildə formalaşa bilər."
Sonda Asif İbrahimov vurğulayıb ki, qərarın əsas məqsədi qiymət artımı yaratmaq deyil:
*"Bu qərarın məqsədi qısa müddətdə qiymətləri artırmaq deyil, enerji istehlakını azaltmaq və uzunmüddətli iqtisadi səmərəlilik əldə etməkdir. Keçid dövründə bazarda süni qiymət artımlarının qarşısının alınması, rəqabətin qorunması və istehlakçıların seçim imkanlarının geniş saxlanılması dövlət qurumlarının əsas vəzifələrindən biri olmalıdır. Bu şərtlər təmin olunarsa, qərarın həm istehlakçılar, həm də ölkə iqtisadiyyatı üçün müsbət nəticələr verməsi mümkündür."
Gülnaz Abdullazadə
