Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarlarından birinin Rusiya olması nəzərə alınarsa, bu istiqamətdə tətbiq edilən məhdudiyyətlərin uzunmüddətli xarakter alması ölkənin aqrar sektoruna ciddi təsir göstərə bilər. İxrac imkanlarının məhdudlaşması nəticəsində Ermənistan alternativ bazarlar axtarmağa məcbur qalacaq ki, bu da regionda məhsul axınlarının müəyyən qədər dəyişməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycan bazarına təsir baxımından qısamüddətli dövrdə ciddi qiymət dəyişiklikləri gözlənilmir.
Onun sözlərinə görə, məsələyə daha geniş ixrac perspektivləri baxımından yanaşmaq vacibdir:
"Azərbaycan uzun illərdir kənd təsərrüfatı və ərzaq məhsullarının ixracında əsasən yaxın coğrafiyalardan, xüsusilə Rusiya bazarından asılıdır. Halbuki dünyanın ən böyük istehlak bazarları olan Avropa İttifaqı və ABŞ bazarlarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində hələ də ciddi çağırışlar mövcuddur."
İqtisadçı qeyd edib ki, təxminən 30 ilə yaxındır Azərbaycan istehsalçıları Avropa İttifaqı və ABŞ kimi yüksək alıcılıq qabiliyyətinə malik bazarlarda arzuolunan səviyyədə mövqe tuta bilməyib.
Onun fikrincə, bunun əsas səbəbləri sırasında texniki standartlar, sertifikatlaşdırma tələbləri, logistika xərcləri, marketinq imkanlarının məhdudluğu və rəqabət amilləri yer alır. Nəticədə ixracın əhəmiyyətli hissəsi ənənəvi bazarlara yönəlir.
Asif İbrahimov vurğulayıb ki, Rusiya-Ermənistan ticarətində yaranan problemlər həm Ermənistan, həm də Azərbaycan üçün ixrac bazarlarının diversifikasiyasının strateji əhəmiyyət daşıdığını göstərir:
"Hər hansı bir bazardan yüksək asılılıq gələcəkdə iqtisadi riskləri artırır. Azərbaycan üçün əsas prioritetlərdən biri məhsulların Avropa İttifaqı və ABŞ bazarlarının tələblərinə uyğunlaşdırılması, yüksək əlavə dəyərli istehsalın artırılması və yeni ixrac istiqamətlərinin formalaşdırılması olmalıdır."
İqtisadçı əlavə edib ki, Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracında əsas problemlərdən biri dünyanın ən böyük və ödəmə qabiliyyəti yüksək olan bazarları – ABŞ və Avropa İttifaqında kifayət qədər təmsil olunmamasıdır.
Onun sözlərinə görə, bu vəziyyətin bir neçə obyektiv səbəbi var. İlk növbədə, həmin bazarlarda qida təhlükəsizliyi, fitosanitar və texniki standartlar olduqca sərtdir. Yerli istehsalçıların bir hissəsi bu tələblərə tam uyğunlaşmaqda çətinlik çəkir. Bundan əlavə, beynəlxalq sertifikatlaşdırma, laborator yoxlamalar və keyfiyyət standartlarının tətbiqi əlavə maliyyə xərcləri tələb edir.
Asif İbrahimov logistika amilinin də mühüm rol oynadığını bildirib:
"Azərbaycan məhsulları ənənəvi olaraq yaxın bazarlara, xüsusilə Rusiyaya yönəldiyi üçün Avropa və ABŞ istiqamətində daşıma xərcləri daha yüksək olur və bu da rəqabət qabiliyyətini azaldır. Eyni zamanda, yerli istehsalın həcmi və məhsulların davamlı təchizatı iri pərakəndə satış şəbəkələrinin tələblərinə hər zaman cavab vermir."
O, marketinq və brendləşmə sahəsindəki çatışmazlıqların da təsir göstərdiyini vurğulayıb:
"Azərbaycan məhsulları keyfiyyət baxımından rəqabət aparmaq potensialına malik olsa da, bir çox hallarda beynəlxalq bazarlarda tanınma səviyyəsi aşağıdır."
İqtisadçının fikrincə, ABŞ və Avropa İttifaqı bazarlarına çıxışın genişləndirilməsi həm ixrac gəlirlərinin artmasına, həm də kənd təsərrüfatı sektorunun xarici şoklara qarşı daha dayanıqlı olmasına imkan verə bilər.
"Bu baxımdan regionda baş verən ticarət məhdudiyyətləri yalnız qısamüddətli bazar dəyişiklikləri kimi deyil, həm də ixrac strategiyasının yenidən qiymətləndirilməsi üçün siqnal kimi qəbul edilməlidir", – deyə Asif İbrahimov bildirib.
Gülnaz Abdullazadə
