UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah” bu gün Norveçdə “Vikinq”in qonağı olacaq. Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət daşıyan qarşılaşma Bakı təmsilçisinin turnirdəki mövqeyini yaxşılaşdırmaq və iddialarını gücləndirmək baxımından mühüm fürsətdir.
Məlumat üçün bildirək ki, “Sabah” ilk turda “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzsa da, ikinci turda Praqanın “Slaviya”sını 2:0 hesabı ilə məğlub edərək gücünü ortaya qoydu. Üçüncü turda isə Dortmund “Borussiya”sı ilə Bakıdakı qarşılaşmada 1:2 hesabı ilə məğlub oldu. İndi isə, üç oyundan bir qələbə qazanan Azərbaycan çempionu aktivindəki 3 xalı artırmaq üçün növbəti sınağa çıxır.
Rəqib də indiyədək sabit nəticələrlə yadda qalmayıb. “Vikinq” ilk turda “Ştutqart”a 1:3 hesabı ilə uduzub, ikinci turda “Bavariya” ilə 3:3 hesablı heç-heçə edib, üçüncü turda isə “Aston Villa”ya 1:3 hesabı ilə məğlub olub. Norveç təmsilçisinin cəmi 1 xalı var və bu amil qarşılaşmanın ev sahibi üçün də xüsusi əhəmiyyət daşıdığını göstərir. Hər iki komanda turnir cədvəlində irəliləmək üçün xallara ehtiyac duyur. Bu baxımdan, meydanda gərgin və mübarizəli futbol gözləmək olar. Kağız üzərində “Vikinq”in üstün görünməsinin əsas səbəblərindən biri doğma meydan amilidir. Proqnozlar da Norveç klubunun qələbəsini daha real ssenari hesab edir. Bununla belə, futbol yalnız statistik göstəricilərdən ibarət deyil. “Sabah”ın “Slaviya” üzərindəki qələbəsi komandanın düzgün taktika və intizamlı oyunla daha güclü rəqiblərə qarşı da nəticə əldə edə biləcəyini göstərib. Azərbaycan təmsilçisinin Norveçdə xal qazanması üçün müdafiədə diqqətli davranması, rəqibin sürətli hücumlarının qarşısını alması və yaratdığı qol imkanlarından maksimum yararlanması vacibdir.
“Vikinq”in “Bavariya” ilə üç qol vurduğu qarşılaşma hücum potensialının kifayət qədər ciddi olduğunu göstərir. Digər tərəfdən, üç oyunda qapısında 9 qol görməsi Norveç klubunun müdafiədə boşluqlar verdiyini də ortaya qoyur. “Sabah” bu zəiflikdən yararlana bilsə, qarşılaşmanın gedişatını dəyişmək və səfərdən sərfəli nəticə ilə qayıtmaq imkanına malikdir. Ancaq erkən qol buraxmaq və oyunun nəzarətini rəqibə vermək Bakı klubunun işini xeyli çətinləşdirə bilər.
Liqa mərhələsinin formatına əsasən, 36 komandanın iştirak etdiyi ümumi cədvəldə ilk 8 yeri tutan klublar birbaşa 1/8 finala yüksəlir, 9–24-cü yerləri tutan komandalar isə pley-off mərhələsində mübarizəni davam etdirirlər. Bu səbəbdən hər xalın əhəmiyyəti böyükdür. “Sabah” üçün Norveçdə qələbə həm turnir cədvəlində irəliləmək, həm də komandanın özünəinamını artırmaq baxımından mühüm nəticə olardı. Heç-heçə də səfərdə müəyyən qazanc sayıla bilər, məğlubiyyət isə növbəti turlarda təzyiqi artıracaq.
“Sabah” Norveçdə “Vikinq”i məğlub edə biləcəkmi?
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a oyunu şərh etdi. O bildirdi ki, Azərbaycan çempionunu çətin və fiziki baxımdan ağır qarşılaşma gözləyir: " “Vikinq” 4-3-3 taktiki düzülüşünə üstünlük verən, yüksək pressinq tətbiq edən və ilk dəqiqələrdən rəqibə təzyiq göstərməyə çalışan hücumameyilli komandadır. Norveç təmsilçisi cinah müdafiəçilərini də hücuma cəlb edir, sürətli və uzun ötürmələrlə təhlükəli əks-hücumlar qurur. “Vikinq”in hücum futbolunun müəyyən zəif tərəfləri də var. Xüsusilə orta xətlə müdafiə arasında yaranan boşluqlar və cinah müdafiəçilərinin irəli çıxması “Sabah” üçün əlverişli imkanlar yarada bilər. Bu oyun üslubu Bakı təmsilçisinə uyğundur və “Slaviya” ilə qarşılaşmada tətbiq edilən taktiki yanaşma Norveçdə də effektiv ola bilər".
K.Məstəliyev hesab edir ki, meydan sahibləri favorit olduqlarını göstərməyə və “Sabah”ı təzyiq altında saxlamağa çalışacaqlar: "Valdas Dambrauskasın komandası belə sınaqlara artıq hazırdır. Əsas məsələ oyun ərzində intizamı və konsentrasiyanı qorumaq, rəqibin təzyiqinə tab gətirməkdir. Hava şəraiti və süni örtüklü meydançanın təmsilçimiz üçün ciddi problem yaradacağını düşünmürəm".
O, komandanın Norveçdə azarkeş dəstəyindən də məhrum qalmayacağını, ən azı 300 nəfərlik səfər tribunasında “Milli Dəstə”nin də yer alacağını vurğuladı: “Qələbə üçün şans var, özü də az deyil. Sadəcə inanmaq lazımdır"./musavat.com/
