SABAH qruplarına qəbul qaydaları dəyişdi – Tələbələr nədən narazıdır?backend

SABAH qruplarına qəbul qaydaları dəyişdi – Tələbələr nədən narazıdır?

  SABAH qruplarına qəbul qaydalarında edilən dəyişiklik görə, 2025-2026-cı tədris ili üzrə qəbul yalnız birinci kursa yeni qəbul olunan abituriyentlər və bəzi seçilmiş ixtisaslar, o cümlədən incəsənət sahəsi üzrə aparılacaq.

Qərar universitetin aşağı kurslarında təhsil alan tələbələr arasında gözlənilməz və məyusedici olub. Tələbələr narazılıqlarını təhsil eksperti Elçin Əfəndinin sosial şəbəkədə paylaşdığı statusa yazdıqları şərhlərlə ifadə ediblər. Onlar bildiriblər ki, SABAH qrupları illərdir motivasiya mənbəyi kimi çıxış edib və bu proqrama qoşulmaq üçün akademik göstəricilərini yüksəldib, öz üzərlərində davamlı çalışıblar.

“Biz hal-hazırda 1-ci kursda təhsil alan tələbələrik və uzun müddətdir ki, SABAH qruplarına qoşulmaq üçün həm akademik, həm də şəxsi inkişaf baxımından ciddi hazırlaşırdıq. Təəssüf ki, son günlərdə yayılan məlumata əsasən, builki qəbulun yalnız yeni abituriyentlər və bəzi seçilmiş ixtisaslar – o cümlədən incəsənət sahəsi – üzrə aparılacağı bildirilib. Bu xəbər bizim üçün gözlənilməz və olduqca məyusedici oldu. Aylarla vaxt, enerji və maddi imkanlarımızı bu hədəfə yönəltmişik. Ancaq qəbul qaydalarında bu qədər gec və şəffaflıqdan uzaq dəyişiklik edilməsi yüzlərlə tələbənin haqqının tapdanmasıdır. SABAH imkanları kiminsə əlindən alına bilməz – bu imkanlar ədalətli və şəffaf şəkildə hər bir tələbəyə açıq olmalıdır”, – tələbələrdən biri yazıb.

Onlar bu məhdudiyyətin həm də təhsil sistemində bərabərlik və əlçatanlıq prinsiplərinə zidd olduğunu düşünürlər.

Maraqlıdır, SABAH qruplarının qəbul qaydalarında belə ciddi dəyişikliklər tələbələrə vaxtında izah edilibmi? Bu məhdudiyyət tələbələrin motivasiyasına və inkişaf perspektivlərinə hansı təsirləri göstərə bilər?

Yüzlərlə tələbənin bu narahatlığını nəzərə alaraq məsələni araşdırmağa çalışdıq.

İlk olaraq Elm və Təhsil Nazirliyinə (ETN) sorğu göndərdik.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsiin əməkdaşı Səma Əliyeva Publika.az-ın sorğusuna cavab olaraq bildirdi ki, mövzu ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat nazirlik tərəfindən təqdim olunacaq.

Mövzuya aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun da fikirlərini öyrəndik.

Kamran Əsədov qeyd etdi ki, SABAH qruplarına qəbul qaydalarında edilən dəyişiklik, yəni 2025–2026-cı tədris ilindən etibarən yalnız birinci kursa yeni qəbul olan abituriyentlər və müəyyən seçilmiş ixtisaslar üzrə tələbələrin bu proqramdan faydalana bilməsi, ali təhsil sistemində davamlılıq, bərabərlik və şəffaflıq prinsiplərinə ciddi zərbə vurur:

“Bu qərar ani və əsaslandırılmamış şəkildə tətbiq olunmaqla, hazırda universitetin aşağı kurslarında təhsil alan minlərlə tələbəni həm informasiya baxımından, həm də hüquqi baxımdan fakt qarşısında qoyur. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə planlı yanaşma nümayiş etdirib, nə də tələbə ictimaiyyətinə qarşı məsuliyyətli kommunikasiya həyata keçirib.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.0.4-cü maddəsinə əsasən, dövlət təhsilin əlçatanlığı və bərabər imkanlar əsasında təşkili üçün məsuliyyət daşıyır. Lakin SABAH qruplarına qəbulda bu il tətbiq olunan yeni məhdudiyyət – yalnız müəyyən tələbə kateqoriyalarına tətbiq olunması – hüquqi və prinsipal baxımdan bu müddəanın pozulması kimi qiymətləndirilə bilər. Proqramın üstünlüklərindən yalnız seçilmiş tələbələrin faydalanması, digərlərinin isə heç bir əsas olmadan prosesdən kənarlaşdırılması ali təhsildə diskriminativ yanaşma nümunəsidir.

Statistik məlumatlara əsasən, SABAH qruplarında iştirak edən tələbələrin 85%-i təhsilin keyfiyyəti, tətbiq yönümlü dərslər, modul əsaslı yanaşma, fərdi inkişaf imkanları və xarici təcrübə proqramlarından məmnun olduğunu bildirib. DİM və Təhsil İnstitutu tərəfindən 2022-ci ildə aparılmış tələbə məmnuniyyəti sorğusunda SABAH qruplarında oxuyan tələbələrin akademik performansı, motivasiyası və məzun məşğulluğu göstəriciləri klassik qruplarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olub. Bu nəticələr proqramın effektivliyini və inkişaf etdirilməsinin vacibliyini sübut etdiyi halda, mövcud imkanların məhdudlaşdırılması həm məntiqi, həm strateji baxımdan ziddiyyətlidir.

Ekspert onu da qeyd etdi ki, dünya təcrübəsində bu tip proqramlar, əksinə, uğurlu olduqca genişləndirilir:

“Məsələn, Almaniyada tətbiq olunan “Honors Programmes” universitetlərdə yüksək nəticə göstərən tələbələrin əlavə akademik və tətbiqi bacarıqlar əldə etməsi üçün yaradılır və bu proqramlar ardıcıl olaraq yeni ixtisaslara, regionlara və təhsil pillələrinə inteqrasiya olunur. Eyni yanaşma Sinqapur, Koreya və Finlandiya kimi təhsil sistemində lider ölkələrdə də tətbiq olunur. Yəni fərqlilik yaradan tədris modelləri sistemin lokallaşmış seqmenti kimi deyil, strukturlaşmış strateji alətə çevrilir.

Azərbaycanda isə əks proses baş verir: SABAH qrupları kimi uğurlu bir modelin əhatə dairəsi məhdudlaşdırılır, bu barədə tələbələrə vaxtında və aydın informasiya verilmir, qərar qəfil elan olunur və səbəblər ictimaiyyətə açıqlanmır. Elm və Təhsil Nazirliyi bu sahədə nə proqnozlaşdırma sənədi təqdim edib, nə də ictimai müzakirələrə şərait yaradıb. Ən əsası isə, bu dəyişikliklə bağlı aydın hədəf göstəriciləri, nəticə ölçüləri və alternativ mexanizmlər təqdim olunmayıb. Bu, təhsildə planlı idarəetmənin yoxluğunu, qərarların reaktiv şəkildə verildiyini göstərir. Nazirliyin bu sahədə nə inkişaf strategiyası, nə də orta və uzunmüddətli transformasiya planı mövcuddur”.

Ekspertin fikrincə, SABAH qruplarının qəbulunda tətbiq edilən bu məhdudiyyət, eyni zamanda tələbələrin motivasiyasına mənfi təsir göstərir:

“Universitet daxilində fərqlənmək, yüksək akademik nəticə əldə etmək və bu nəticə əsasında inkişaf imkanları qazanmaq arzusu ilə təhsil alan tələbələr bu dəyişiklikdən sonra bu perspektivlərini itirmiş olurlar. Bu isə yalnız bir proqramdan deyil, bütövlükdə təhsilin meritokratiyaya əsaslanacağı ümidindən uzaqlaşmadır. Əgər bir tələbə yüksək nəticə göstərməyinə baxmayaraq proqramdan kənarda qalırsa, bu, təhsilin stimullaşdırıcı gücünü zəiflədir.

SABAH qruplarına qəbulda tətbiq edilən dəyişiklik təkcə bir proqramın gələcəyinə deyil, ümumilikdə ali təhsil siyasətində strateji planlaşdırma, bərabərlik, şəffaflıq və davamlılıq prinsiplərinə mənfi təsir göstərir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə məsuliyyətli şəkildə davranmalı, bu qərarın səbəblərini əsaslandırmalı, ictimai müzakirələr təşkil etməli, tələbələrin hüquqlarını qorumaq üçün alternativ mexanizmlər təklif etməlidir. Əks təqdirdə, bu dəyişiklik yalnız bir qrup tələbəni deyil, bütövlükdə təhsil sisteminə inamı sarsıdacaq və proqramın nüfuzuna uzunmüddətli zərbə vuracaq. Təhsil sahəsində plansız, əsaslandırılmamış və kommunikativ boşluqlarla müşayiət olunan qərarların nəticəsi isə son nəticədə ölkənin insan kapitalının inkişafına mənfi təsir göstərəcək”.

//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki