Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə Cavid Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş, Masallı rayon Ərkivan qəsəbə sakini Cavid Şirəliyev dələduzluqda ittiham olunur.
C.Şirəliyev həmyerlisi, Rusiya vətəndaşı Ağağül Nəsirovun Masallıda fəaliyyət göstərən bazarda tikilməkdə olan “Sərfəli” ticarət mərkəzinə müdir təyin etmək adı ilə onun 83 min manatını mənimsəyərək dələduzluq etməkdə təqsirləndirilir.
Ötən proseslərdən birində Agağül Nəsirov ifadəsi zamanı Cavid Şirəliyevi digər bir ortaq dostu vasitəsilə tanıdığını deyib. Söhbət əsnasında onun Rusiya vətəndaşı olduğunu biləndən sonra Cavid Şirəliyev fantastik bir imkana sahib olduğunu bildirib. Elə bir təsəvvür yaradıb ki, 100 min manatlarla pulu müxtəlif yerlərdə dövriyyədədir. Bazarda yeni tikilən ticarət mərkəzinə yeni müdir lazım olduğunu, təyinat üçün 60 min manat lazım olduğunu deyib.
Cavid Şirəliyevin bu vədləri Agağül Nəsirovu şirnikləndirə bilib. O, Bakının Binə qəsəbəsində qızına məxsus üçotaqlı mənzilini satışa qoyub. Evi 73 min manata satıb, pulun 68 min manatını yanında olan Cavid Şirəliyevə verib.
Agağül Nəsirovun ifadəsindən məlum olub ki, o, ayrı-ayrı vaxtlarda Cavid Şirəliyevə ümumilikdə 83 min manat pul versə də, ticarət mərkəzi fəaliyyətə başlamamış yanaraq yararsız vəziyyətə düşüb. Pulunu ondan geri istədikdə isə Cavid Şirəliyev bazarın yandığını əsas gətirərək ödəməkdən imtina edib.
Bundan sonra Ağagül Nəsirov hüquq-mühafizə orqanlarına müraciət edib.
Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Cavid Şirəliyev müəyyən olunaraq istintaqa cəlb olunub.//Musavat.com