Mərakeş Daxili İşlər Nazirliyi İspaniyanın EFE xəbər agentliyi və TVE telekanalının jurnalistlərindən İspaniyanın Seuta şəhəri yaxınlığındakı miqrasiya vəziyyətini işıqlandırdıqları Fnidek şəhərini tərk etmələrini tələb edib.
Referans Media xəbər verir ki, EFE-nin məlumatına görə, Mərakeş DİN-in nümayəndəsi agentliyin müxbirinə şəhəri dərhal tərk etməli olduğunu bildirib. Qərarın səbəbi açıqlanmayıb. Jurnalist eyni tələbin TVE-nin çəkiliş qrupuna da bildirildiyini deyib.
Bundan əvvəl sosial şəbəkələrdə miqrantların Seutaya kütləvi şəkildə qanunsuz keçməyə hazırlaşdığı barədə məlumatlar yayılıb. Bununla əlaqədar Mərakeş və İspaniya sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.
İspaniya mediasının məlumatına görə, Seuta sərhədində yüzlərlə miqrant toplaşıb. EFE isə sərhədi keçməyə cəhd edən miqrantlara qarşı Mərakeş təhlükəsizlik qüvvələrinin güc tətbiq etdiyini, o cümlədən gözyaşardıcı qazdan istifadə etdiyini bildirib.
Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant dəniz yolu ilə üzərək Seutaya daxil olub. Böhran fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək üçün hərbçiləri cəlb etmək qərarına gəlib. Miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə geri qayıtdığı bildirilir, lakin İspaniya hakimiyyətinin məlumatına görə, Seutada hələ də təxminən 5 min miqrant qala bilər./Globalinfo.az
