Şok əməliyyat! Saxta vətəndaşlıq şəbəkəsinin bütün planı ifşa edildi

Türkiyədə xarici vətəndaşlara saxta sənədlərlə qanunsuz şəkildə vətəndaşlıq qazandırdığı iddia edilən cinayət şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Referans Media xəbər verir ki, Ədliyyə naziri Akın Gürlek bildirib ki, İstanbul mərkəzli 16 vilayətdə həyata keçirilən əməliyyat zamanı 72 şübhəli saxlanılıb. Araşdırmalar nəticəsində saxta ekspertiza hesabatları vasitəsilə aşağı qiymətli daşınmaz əmlakların daha yüksək məbləğdə göstərildiyi və bu yolla xarici vətəndaşlara Türkiyə vətəndaşlığı verildiyi müəyyən edilib.

İstintaq materiallarına əsasən, cinayət şəbəkəsi ucuz qiymətə olan daşınmaz əmlakları saxta qiymətləndirmə hesabatları ilə olduğundan daha baha göstərərək alqı-satqı əməliyyatları həyata keçirib.

Bu üsulla xarici vətəndaşların Türkiyə vətəndaşlığı əldə etməsinə şərait yaradıldığı müəyyən olunub. Araşdırmalar zamanı 687 şəxsin məhz bu üsulla Türkiyə vətəndaşlığı aldığı aşkarlanıb.

Nazir Gürlek bildirib ki, təxminən 2,5 milyard lirəlik vəsaitin ölkəyə real şəkildə daxil olmadığı, bunun əvəzinə saxta pul hərəkətləri yaradıldığı və xarici şəxslərdən qanunsuz gəlir əldə edildiyi müəyyən edilib.


İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyatda ümumilikdə 90 şübhəli barəsində həbs qərarı çıxarılıb. Onlardan 72-si İstanbul daxil olmaqla 16 vilayətdə keçirilən əməliyyatlar zamanı saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir. İstintaq çərçivəsində 7 şirkətə qəyyum təyin edilib. Bundan əlavə 1045 daşınmaz əmlaka, Bodrumda yerləşən bir otelə, 15 avtomobilə, bir yaxtaya, 10 bank hesabına həbs qoyulub.

Səlahiyyətli qurumlar bu üsulla vətəndaşlıq aldığı müəyyən edilən şəxslərin Türkiyə vətəndaşlığının ləğvi ilə bağlı prosedurların da başladıldığını açıqlayıb.

Ədliyyə naziri Akın Gürlek bildirib ki, dövlətə zərər vuran, vətəndaşlıq hüququndan sui-istifadə edən və qanunsuz gəlir əldə edən strukturlara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Nazir əməliyyatda iştirak edən İstanbul Respublika Baş Prokurorluğuna, İstanbul Təhlükəsizlik İdarəsinə və digər dövlət qurumlarının əməkdaşlarına təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki