Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Qırmızı dənizdə artan təhlükəsizlik risklərinə qarşı yaradılması planlaşdırılan Çoxmillətli Dəniz Müdafiə İttifaqı ilə bağlı diplomatik təmaslar davam edir. Türkiyə təşəbbüsə dəstək verən ölkələr sırasında yer alsa da, hələlik ittifaqa rəsmi şəkildə qoşulmayıb.
Referans Media xəbər verir ki, Ankara ilə Ər-Riyad arasında ittifaqın hüquqi çərçivəsi, fəaliyyət mexanizmi və səlahiyyətləri ilə bağlı texniki danışıqlar aparılır.
51 ölkənin iştirakı ilə toplantı keçirilib
İyulun 30-da Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi toplantıda ümumilikdə 51 ölkə və beynəlxalq qurumların nümayəndələri iştirak edib. Görüşdə beynəlxalq dəniz yollarının təhlükəsizliyi, ticarət gəmilərinin qorunması və qlobal təchizat zəncirinin etibarlılığının təmin olunması məsələləri müzakirə edilib.
Yekun birgə bəyanatda Türkiyə ilə yanaşı Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Pakistan, Bəhreyn, Küveyt, Qətər, Sudan, Cibuti, Somali, Banqladeş, Nigeriya və Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti olmaqla ümumilikdə 14 tərəf yeni ittifaqa dəstəyini ifadə edib.
Ankaranın əsas prioriteti dəniz və enerji təhlükəsizliyidir
Türkiyə Qırmızı dəniz, Babul-Məndəb boğazı və Hörmüz boğazında təhlükəsiz dəniz nəqliyyatını həm milli, həm də qlobal iqtisadiyyat baxımından strateji əhəmiyyət daşıyan məsələ kimi qiymətləndirir.
Rəsmi Ankara hesab edir ki, enerji marşrutlarının və beynəlxalq ticarət yollarının təhlükəsizliyinin qorunması qlobal təchizat zəncirinin sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Türkiyə dəniz daşımalarına yönələn təhdidlərin qarşısının alınmasını dəstəkləyir və yeni mexanizmin beynəlxalq hüquq prinsiplərinə uyğun formalaşdırılmasını vacib sayır.
Qərargah Ər-Riyadda yerləşəcək
Plana əsasən, yaradılması nəzərdə tutulan Çoxmillətli Dəniz Müdafiə İttifaqının qərargahı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşəcək. İttifaqın əsas məqsədi Qırmızı dəniz, Ədən körfəzi və Babul-Məndəb boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək, dəniz marşrutlarını qorumaq, kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirmək və beynəlxalq ticarətin təhlükəsizliyini birgə əməkdaşlıq əsasında möhkəmləndirmək olacaq.
