Çin və Rusiyanı birləşdirəcək ilk beynəlxalq sərnişin kanat yolu layihəsində əsas tikinti işləri başa çatıb. 2019-cu ildə başlanılan layihənin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Yeni nəqliyyat xətti Çinin Heyhe (Heihe) şəhəri ilə Rusiyanın Blaqoveşensk (Blagoveşensk) şəhərini cəmi 6–8 dəqiqəyə birləşdirəcək.
Referans Media xəbər verir ki, kanat yolu Amur (Heyluntszyan) çayı üzərində inşa olunur və iki ölkə arasında birbaşa sərnişin daşıyan ilk beynəlxalq kanat yolu olacaq.
Layihə çay üzərindən mövcud avtomobil körpüsü və bərə xidmətini tamamlayaraq sərhəd keçidlərini daha sürətli və rahat etməyi hədəfləyir. Təxminən 970 metr uzunluğunda olan xətt üzrə eyni vaxtda iki kabinə fəaliyyət göstərəcək. Hər kabinə 110 sərnişin qəbul edə biləcək və saniyədə 12 metr sürətlə hərəkət edəcək. Layihənin tam istismara verilməsindən sonra bir istiqamət üzrə ildə təxminən 2,6 milyon sərnişin daşıması nəzərdə tutulur.
Çin rəsmiləri bildirirlər ki, yeni nəqliyyat sistemi regionda turizmin, ticarətin və logistikanın inkişafına təkan verəcək. Heyhe şəhərində avtomobil körpüsü, bərə və kanat yolundan ibarət inteqrasiya olunmuş sərhəd nəqliyyat şəbəkəsinin formalaşdırılması planlaşdırılır.
Qeyd edilir ki, 2022-ci ildə istifadəyə verilən Çin–Rusiya avtomobil körpüsündən sonra bu layihə iki ölkə arasında nəqliyyat infrastrukturunu gücləndirən növbəti mühüm addım hesab olunur. 2026-cı ilin ilk yarısında Heyhe sərhəd-keçid məntəqəsindən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60 faizdən çox artıb./Musavat.com/

