Azərbaycanda sənədsiz evlərin taleyi və onların kommunal xidmətlərlə təminatı məsələsi son dövrlərdə yenidən aktuallaşıb. Xüsusilə, rəsmi qeydiyyatı olmayan yaşayış sahələrinə elektrik, qaz və suyun verilməsi, eləcə də bu xidmətlərin dayandırılması ehtimalı cəmiyyətdə ciddi müzakirələrə yol açır. Mövcud vəziyyət və mümkün dəyişikliklər fonunda isə əsas sual belə yaranır: sənədsiz evlərdə kommunal xidmətlərin dayandırılması mümkündürmü?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, artıq mövcud olan və kommunal xidmətlərlə təmin edilmiş sənədsiz evlərdə bu xidmətlərin dayandırılması mümkün deyil.
“Həmin evlərdə yaşayan vətəndaşların sayğacları quraşdırılıb və onlar mütəmadi olaraq ödənişlərini həyata keçirirlər. Bu səbəbdən, hazırda istifadə olunan işıq, qaz və suyun kəsilməsi real deyil. Gələcəkdə yeni tikiləcək sənədsiz evlərin kommunal xidmətlərə qoşulmasına məhdudiyyətlər tətbiq olunacaq. Bu istiqamətdə artıq müəyyən addımlar atılır və yeni inşa edilən, lakin rəsmi sənədləri olmayan evlərin işıq, su və qazla təminatı dayandırıla bilər”.
Ekspert əlavə edib ki, indiyədək tikilmiş və kommunal xidmətlərdən istifadə edən yüz minlərlə vətəndaşın bu hüququnun birdən-birə məhdudlaşdırılması praktik baxımdan mümkün deyil.






















