Sosial şəbəkələrin “ideal həyatı” ailələri dağıdır? –Bahalı telefonlar, lüks həyat… xoşbəxtlik görüntüdən ibarətdir?

Son illər sosial şəbəkələrdə nümayiş etdirilən “ideal həyat” görüntüləri ailə institutuna və insanların münasibətlərinə də təsirsiz ötüşmür. Bahalı avtomobillər, lüks istirahət, dəbdəbəli həyat tərzi və maddi imkanların ön plana çıxarılması xüsusilə gənclər arasında münasibətlərə, gözləntilərə və ailə dəyərlərinə təsir edən əsas amillərdən birinə çevrilib. Mütəxəssislər hesab edir ki, sosial mediada formalaşdırılan süni həyat standartları bəzi hallarda ailədaxili narazılıqları, psixoloji təzyiqi və hətta boşanma hallarını artırır.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, cəmiyyətdə bahalı həyata meyilliliyin artması artıq heç kimi təəccübləndirmir.

Onun sözlərinə görə, filmlər, seriallar və xüsusilə sosial mediada aparılan reklamlar dəbdəbəli həyat tərzini daha çox ön plana çıxarır:

“İdeal həyat axtarışı yeni deyil. Bu, əsrlər boyu formalaşmış sosial davranış xüsusiyyətidir. Amma son dövrlər bahalı məkanlarda istirahət etmək, brend əşyalardan istifadə etmək və öz həyatını ideallaşdıraraq nümayiş etdirmək gənclərin davranışında müəyyən problemlər yaradır”.

Sosioloq qeyd edib ki, yaxşı həyata can atmaq normal və vacibdir. Bu, insanın inkişafı və özünü təkmilləşdirməsinin bir hissəsidir. Lakin problemi yaradan məqam “nəyin bahasına olursa olsun” prinsipi ilə hərəkət etməkdir:

“Əgər insan məqsədinə rasional, etik, hüquqi normalara uyğun şəkildə çatırsa, bu, müsbət haldır. Amma aldatmaqla, saxta görüntü yaratmaqla, insanları manipulyasiya etməklə özünü olduğundan fərqli təqdim etmək həm etik deyil, həm də qanunsuz davranışdır”.

Naib Niftəliyev bildirib ki, sosial şəbəkələrdə formalaşan “ideal həyat” anlayışı insanlarda maddi yarış hissini gücləndirir və bu da psixoloji təzyiq yaradır:

“Bir çox hallarda insanlar özlərini bahalı əşyalarla təsdiqləməyə çalışırlar. 3-5 min manatlıq telefon, yüksək qiymətli kompüter və digər bahalı texnologiyalar artıq status göstəricisinə çevrilib. Halbuki həmin texnologiyadan düzgün istifadə edib gəlir əldə etmək mümkündürsə, bu normaldır. Amma əksəriyyət sadəcə görüntü və təsdiqlənmə hissinin arxasınca gedir”.

Sosioloqun fikrincə, maddi dəyərlərin ön plana keçməsi ailə münasibətlərinə də mənfi təsir göstərir:

“İnsanların münasibətlərində ailə sədaqəti, qarşılıqlı hörmət, mənəvi dəyərlər arxa plana keçir. Bu isə münasibətlərdə narazılıq, qeyri-müəyyənlik və sarsıntılar yaradır. Sosial şəbəkələrdə yaradılan süni ideal həyat modeli ailə münasibətlərinə təsir edən amillərdən biridir”.

O əlavə edib ki, bəzi insanlar sosial mediada özlərini əlçatmaz və ideal obraz kimi təqdim etməyə çalışır, bu isə real həyatla virtual görüntü arasında ciddi fərq yaradır:

“İnsanlar anlamalıdır ki, görüntü ilə reallıq arasında böyük məsafə var. Əsas məsələ halal zəhmətlə yaşamaq, münasibətləri mənəvi dəyərlər üzərində qurmaq və insanlığını itirməməkdir. Əşyaların dəyəri artdıqca insanın öz dəyəri azalırsa, bu artıq ciddi sosial problemdir”.

Sonda sosioloq vurğulayıb ki, cəmiyyət “ideal həyat” anlayışını düzgün qiymətləndirməli və xüsusilə gənclər arasında sosial maarifləndirmə gücləndirilməlidir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki