Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin rəisi Riad Axundzadə mediaya açıqlamasında bildirib ki, Azərbaycanda hazırda su qıtlığı müşahidə olunmur, lakin mövcud ehtiyatlar uzunmüddətli dövr üçün yetərli hesab edilmir.
Referans Media xəbər verir ki,mövzu ilə bağlı Oxu24.com xəbər portalının suallarını Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli cavablandırıb.
-Akif müəllim, R. Axundzadənin bu açıqlaması yaxın zamanlarda ölkədə suyun qənaətlə işlədilməsinə,eyni zamanda,suyun fasilələrlə verilməsinə və tariflərin artmasına səbəb ola biləcəyini ortaya qoyurmu?
-Su anbarlarının tutumunun 15–35 faiz azalması ölkədə su ehtiyatlarının azalması deməkdir və bu, idarəetmədə daha sərt tədbirlərin görülməsinə səbəb ola bilər. Əgər yağıntıların həcmi artmazsa və alternativ su mənbələri genişləndirilməzsə, suyun qənaətlə istifadəsi ilə bağlı qaydalar gücləndirilə, bəzi ərazilərdə suyun verilməsində fasilələr tətbiq oluna bilər.
– Əhalini ən çox narahat edən nüans su tariflərinin artırılmasıdır…
-Tariflərin artırılması da mümkün variantlardan biridir,çünki yüksək qiymət adətən istehlakın azalmasına təsir göstərir. Bununla belə, belə qərarlar adətən mərhələli şəkildə və sosial təsirlər nəzərə alınaraq qəbul edilir. Dövlət həmçinin su itkilərinin azaldılması, suvarma sistemlərinin yenilənməsi və əhalinin maarifləndirilməsi kimi alternativ tədbirlərə də üstünlük verə bilər. Hökumət su anbarların tutumunun bərpa edilməsi və yeni anbarların tikilməsinə daha çox diqqət yetirməlidir.
– Bu niyə?
– Hazırda elə su anbarları var ki, onların cəmi 10–15 faiz su tutumu qalıb, qalan hissəsi lil ilə dolub. Buna misal olaraq “Pirsaat” su anbarını göstərmək olar. Bu su anbarının lillənməsi nəticəsində Hacıqabul rayonunda 50 min hektar əkinəyararlı torpaq su çatışmazlığı səbəbindən becərilmir. Yəni, bu gün tariflər barədə düşünməkdən daha çox, su anbarlarının təmizlənməsinə və yeni su anbarlarının tikilməsinə diqqət yetirilməlidir. Eyni zamanda su səmərəli idarə edilməlidir. Akademik hesablamalara görə, Azərbaycan Cənubi Qafqazın ən az su ehtiyatlarına malik ölkəsi olsa da, mövcud ehtiyatlardan səmərəli istifadə tələbatın tam şəkildə ödənilməsinə imkan verir.
