Gənc aktrisanın ölümü ilə bağlı yeni detallar ortaya çıxdı - VİDEO

Türkiyəli aktrisa Ece İrtemin 35 yaşında vəfat etməsi sənət ictimaiyyətində dərin kədər yaradıb. Kadıköydəki evində həyatını itirən aktrisanın ölümündən qısa müddət əvvəl çəkildiyi bildirilən görüntülər gündəmə gəlib.

Referans Media xəbər verir ki, yayılan görüntülərdə Ece İrtemin anası və yaxın dostlarından biri ilə kafedə olduğu, geri dönüş zamanı isə anasının dəstəyi ilə hərəkət etdiyi görünür.

Aktrisanın yaxın dostu Cansu Gültekin sosial şəbəkədə paylaşım edərək İrtemin son dövrlərdə emosional baxımdan ağır günlər keçirdiyini bildirib.

Onun sözlərinə görə, Ece İrtem bir dəfə özünü yaşlı biri kimi təsəvvür edə bilmədiyini söyləmişdi. Gültekin həmçinin aktrisanın son zamanlar bir sıra itkilər və yas prosesləri yaşadığını, bunun ona mənəvi cəhətdən təsir etdiyini qeyd edib.

Bu arada sosial mediada Ece İrtemin alkoqol və antidepresant istifadəsi ilə bağlı iddialar da yayılıb. Lakin ailə tərəfi bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Ailənin vəkili yayılan iddiaları təkzib edib.

Mərhum aktrisanın cənazəsinin Aydın vilayətinin Kuşadası rayonuna aparılacağı və dəfn mərasiminin günorta namazından sonra keçiriləcəyi bildirilib.

Sənət ictimaiyyətindən də ard-arda başsağlığı mesajları gəlib. Aktrisanın həmkarları onun mehriban, pozitiv və ətrafındakılara ilham verən insan olduğunu bildiriblər.

Hazırda ölüm səbəbi ilə bağlı rəsmi nəticələrin gözlənildiyi qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki