Argentina yığması 2026 FIFA Dünya Kubokuna inamlı qələbə ilə başlayıb. J qrupunun ilk turunda Əlcəzairi 3:0 hesabı ilə məğlub edən argentinalıların əsas qəhrəmanı Lionel Messi olub.
Referans Media xəbər verir ki, ulduz futbolçu qarşılaşmada üç qol vuraraq komandasına qələbə qazandırıb və eyni zamanda Dünya Kuboku tarixində yeni rekordlara imza atıb.
Bu görüş Messi üçün daha bir tarixi məqamla yadda qalıb. Argentinalı kapitan karyerasında 6 fərqli Dünya Kubokunda meydana çıxan ilk futbolçu olub.
Əlcəzairlə oyuna qədər turnir tarixində 13 qolu olan Messi het-trik sayəsində Dünya Kubokundakı ümumi qol sayını 16-ya çatdırıb. Bununla o, Almaniya futbolunun əfsanəsi Miroslav Kloze ilə birlikdə turnir tarixinin ən məhsuldar bombardiri statusuna yüksəlib.
Hazırda Messi rekordun tək sahibi olmaq üçün cəmi bir qola ehtiyac duyur.
Bundan əlavə, Dünya Kuboku tarixində ən çox oyuna çıxan futbolçu göstəricisini də yaxşılaşdıran Messi artıq 27-ci matçına çıxıb.
Qol krallığı yarışında isə onu Fransa millisinin ulduzu Kilian Mbappe izləyir. Turnirə iki qolla başlayan fransız hücumçu qarşıdakı oyunlarda zirvə uğrunda mübarizəni davam etdirəcək.
Messi isə ilk matçdakı performansı ilə bir daha göstərdi ki, böyük səhnələrdə hələ də əsas söz sahiblərindən biridir.
DÇ-2026
1-ci tur, 17 iyun
J qrupu
Argentina - Əlcəzair 3:0
Qollar: Lionel Messi, 17; 60; 76.
