Texasda arı daşıyan yük maşını aşdı: Milyonlarla arı ətrafa yayıldı

ABŞ-ın Texas ştatında təxminən 400 pətək daşıyan yük maşınının aşması nəticəsində milyonlarla bal arısı ətrafa yayılıb.

Hadisədən sonra yerli hakimiyyət orqanları ərazidə təhlükəsizlik tədbirləri görərək yolları bağlayıb və sakinlərə evlərindən çıxmamaq tövsiyə olunub.

Məlumata görə, qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Yerli arıçılar hadisə yerinə gələrək pətəklərin və arıların bir hissəsini xilas etməyə çalışıblar. Mütəxəssislər 408 pətəyin yalnız təxminən dörddəbirinin xilas edilə biləcəyini bildirirlər.

Arıçıların sözlərinə görə, arı ailələrinin taleyi əsasən neçə ana arının sağ qalmasından asılıdır. Hadisə arıçılıq təsərrüfatı üçün ciddi maliyyə itkisi hesab olunur.

Qəzanın yük maşınının dar yolda kəskin döngəni keçməyə çalışarkən aşması nəticəsində baş verdiyi bildirilir. Hazırda əraziyə yayılan arıların toplanması istiqamətində işlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki