Təhsil naziri Emin Əmrullayevin Bakıdakı universitetlərin regionlara köçürülməsinin nəzərdə tutulmadığı, əsas məqsədin isə bəzi ali təhsil müəssisələrində tələbə sayını azaltmaqla təhsil keyfiyyətini artırmaq olduğu barədə açıqlaması müzakirələrə səbəb olub. Ekspertlər hesab edir ki, bu yanaşma həm ali təhsilin keyfiyyətinə, həm də regionların sosial-iqtisadi inkişafına təsir göstərə bilər.
Mövzu ilə bağlı Referans Media-ya danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda Azərbaycanda bakalavr və magistratura səviyyələri üzrə təhsil alan tələbələrin sayı 260 mindən çoxdur. Xaricdə təhsil alan azərbaycanlı tələbələr də nəzərə alındıqda bu rəqəm təxminən 330-340 min nəfərə çatır.
Ekspertin sözlərinə görə, bu tələbələrin böyük əksəriyyəti Bakı şəhərində təhsil alır:
“Buraya Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələri daxildir. Tələbələrin böyük hissəsinin paytaxtda cəmləşməsi şəhərdə sıxlığa, nəqliyyat yüklənməsinə və digər problemlərə təsir göstərir”.
Elçin Əfəndi qeyd edib ki, bir müddət əvvəl Bakıdakı universitetlərin regionlara köçürülməsi məsələsi müzakirə olunsa da, bunun səmərəli model olmadığı qənaətinə gəlinib:
“Hazırda daha çox müzakirə olunan variant paytaxt universitetlərində plan yerlərinin azaldılmasıdır. Bu halda bölgələrdə fəaliyyət göstərən universitetlərdə qəbul planları artırıla bilər. Bu da regionların sosial-iqtisadi inkişafına, xidmət sektoruna və müəyyən mənada turizmin inkişafına töhfə verə bilər”.
Ekspert hesab edir ki, tələbə sayının optimallaşdırılması Bakı universitetlərində tədrisin keyfiyyətinin yüksəlməsinə də müsbət təsir göstərə bilər:
“Əgər paytaxt universitetlərində əsas diqqət kəmiyyətə deyil, keyfiyyətə yönəldilərsə, bu, gələcəkdə xarici tələbələrin Azərbaycana marağını da artıra bilər. Çünki xarici tələbələr əsasən təhsil keyfiyyətinin yüksək olduğu ölkələri seçirlər”.
Onun sözlərinə görə, plan yerlərinin azaldılması keçid ballarına da təsir göstərəcək:
“Tutaq ki, hansısa ixtisas üzrə Bakı universitetlərində 500 nəfər qəbul olunurdusa, bu rəqəm 100-ə endirilə və qalan yerlər region universitetlərinə yönləndirilə bilər. Belə olan halda həmin ixtisaslar üzrə keçid balları 20-30, bəzi hallarda isə 50-60 baladək arta bilər. Bu amil mütləq nəzərə alınmalıdır”.
Elçin Əfəndi vurğulayıb ki, mövcud universitetləri regionlara köçürməkdənsə, yeni universitetlərin yaradılması daha məqsədəuyğundur:
“Məsələn, hansısa universiteti Bakıdan çıxarmaqdansa, Şamaxıda, Ağdamda və ya digər bölgələrdə yeni dövlət universitetlərinin yaradılması daha səmərəli ola bilər. Eyni zamanda mövcud region universitetlərinin infrastrukturunun gücləndirilməsi və kampus modelinin inkişaf etdirilməsi də vacibdir”.
Ekspert Bakı universitetlərində qəbul planlarının azaldılmasının abituriyentləri kütləvi şəkildə xaricə yönləndirəcəyini düşünmür:
“Düşünmürəm ki, bu qərar xaricdə təhsil almağa ciddi təsir göstərsin. Əksinə, region universitetlərinin imkanları genişləndirilərsə, gənclər həmin ali məktəblərə daha çox üstünlük verəcəklər. Çünki burada diplomların tanınması və digər məsələlər daha aydındır”.
Onun fikrincə, region universitetlərində qəbul yerlərinin artırılması həm ali təhsil sisteminin balanslaşdırılmasına, həm də bölgələrin sosial-iqtisadi inkişafına müsbət təsir göstərə bilər.
Gülnaz Abdullazadə
