1912-ci ildə batan məşhur Titanik gəmisinin qalıqlarından çıxarılan 100-dən çox tarixi əşyanın hərracda satılması planı ABŞ hökumətinin etirazı ilə üzləşib.
Məhkəmə sənədlərinə görə, şəxsi əşyalar, sikkələr, mətbəx ləvazimatları və dekorativ predmetlərdən ibarət kolleksiyanın satışa çıxarılması ilə bağlı federal qurumlar və gəmi qalıqları üzərində xüsusi hüquqlara malik şirkət arasında hüquqi mübahisə yaranıb.
ABŞ-ın Corciya ştatında yerləşən RMS Titanic şirkəti daha əvvəl bu eksponatların yalnız muzey və sərgilərdə nümayiş etdiriləcəyini bildirsə də, ilk dəfə onların hərrac vasitəsilə satışını təklif edib. Satışa çıxarılması planlaşdırılan əşyalar arasında bürünc mələk heykəlciyi, qızıl külçələrdən hazırlanmış boyunbağı və ürək formalı medalyon da var.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) isə hesab edir ki, belə bir satış şirkətin hüquqi öhdəliklərini pozur. Qurum məhkəmədən hərracın qadağan edilməsini istəyib. Şirkət isə satışın mövcud məhkəmə qərarlarına zidd olmadığını müdafiə edir.
İlk belə cəhd deyil
RMS Titanic şirkəti 1987-ci ildən bəri keçirilən ekspedisiyalar zamanı minlərlə əşyanı və gəminin bəzi hissələrini suyun üzərinə çıxarıb. Şirkət bu eksponatları sərgiləməklə gəlir əldə etsə də, keçmişdə də maliyyə problemlərini həll etmək və yeni ekspedisiyaları maliyyələşdirmək üçün onların satışı ilə bağlı təşəbbüslər göstərib. Lakin bu cəhdlər hər dəfə məhkəmələrin, ictimai təşkilatların və faciə qurbanlarının yaxınlarının etirazı ilə qarşılaşıb.
Hüquqi mübahisə davam edir
Mübahisənin əsas səbəbi ilk tapılan eksponatların hüquqi statusu ilə bağlıdır. Həmin əşyalar vaxtilə Fransaya aparılıb və Fransa hakimiyyəti onların mülkiyyət hüququnu xilasetmə şirkətinə verib. NOAA isə təxminən 5 min eksponatdan ibarət kolleksiyanın bütöv şəkildə qorunmalı olduğunu bildirir.
Mütəxəssislər hesab edirlər ki, Titanikdən çıxarılan tarixi əşyalar şəxsi kolleksiyalara deyil, ictimaiyyətin istifadəsi üçün muzey və sərgilərdə nümayiş etdirilməlidir.
