Pensiya ilə bağlı gözlənilən tarix açıqlandı: İyulun 1-dən etibarən...

Azərbaycanda qadınların pensiya yaşının kişilərlə eyniləşdirilməsi ilə bağlı proses yekun mərhələyə yaxınlaşır. Qanunvericiliyə əsasən, 2026-cı il iyulun 1-dən etibarən qadınların da pensiya yaşı 65-ə çatdırılacaq. Bununla da ölkədə qadın və kişilər üçün yaşa görə əmək pensiyasına çıxma yaşı tamamilə eyniləşəcək. Mütəxəssislər bu addımın pensiya sisteminin maliyyə dayanıqlığının qorunmasına xidmət etdiyini bildirsələr də, qərarın sosial nəticələri ilə bağlı müzakirələr davam edir.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qadın və kişilər üçün pensiya yaşının eyniləşdirilməsi gender bərabərliyi prinsipi baxımından əsaslandırıla bilər. Lakin Azərbaycanda qadınların əmək fəaliyyəti ilə yanaşı, uşaqların və yaşlı ailə üzvlərinin qayğısı kimi əlavə sosial məsuliyyətlər daşıdığı da nəzərə alınmalıdır.

Onun sözlərinə görə, məhz bu səbəbdən bəzi insanlar pensiya yaşının tam eyniləşdirilməsini mövcud sosial reallıqlara uyğun hesab etmirlər.

İqtisadçı qeyd edib ki, pensiya yaşının artırılması dövlətin pensiya xərclərinin azalmasına və sosial sığorta sisteminin maliyyə dayanıqlığının güclənməsinə kömək edə bilər:

“Əhalinin yaşlanması və pensiyaçıların sayının artması fonunda bir çox ölkələr oxşar addımlar atır. Bununla belə, qərarın sosial təsirləri də diqqətlə qiymətləndirilməlidir”.

Akif Nəsirli vurğulayıb ki, xüsusilə 60 yaşdan yuxarı qadınların məşğulluq imkanlarının məhdud olması müəyyən problemlər yarada bilər:

“Bir çox işəgötürənlər yaşlı işçiləri işə qəbul etməkdə maraqlı olmur və bəzi qadınlar bu yaşlarda işlərini itirdikdən sonra yeni iş tapmaqda çətinlik çəkirlər. Nəticədə, pensiya almaq hüququ əldə etmədən əvvəl gəlirsiz qalmaq riski yarana bilər. Bundan əlavə, sağlamlıq problemləri və ailədaxili qayğı öhdəlikləri də bu yaş qrupundakı qadınların əmək bazarında qalmasını çətinləşdirə bilər”.

Ekspert hesab edir ki, pensiya yaşının artırılması ilə yanaşı, yaşlı işçilərin məşğulluğunu dəstəkləyən proqramların, peşə hazırlığı imkanlarının və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi vacibdir:

“Əks halda, pensiya sisteminin maliyyə yükü azalsa belə, bəzi sosial qruplar üçün yeni çətinliklər yarana bilər”.

Akif Nəsirli əlavə edib ki, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması fonunda Azərbaycan pensiya sistemində daha dərin islahatlara ehtiyac duyur:

“Azərbaycan vaxt itirmədən pensiya sistemini dəyişməlidir. Nəsillərin həmrəyliyi sistemindən şəxsi yığım sisteminə keçid vacibdir. 2006-2017-ci illərdə buna cəhd edilsə də, proses tam reallaşdırıla bilmədi. Hazırda pensiya təminatı sahəsində ciddi problemlər gözlənilir. Əhali yaşlanır, işçi qüvvəsi azalır. Bu isə Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların azalmasına səbəb olur. Yəni pensiya fondunun imkanları azalır, pensiyaçıların sayı isə artır. Hökumət bu disbalansı pensiya yaşını artırmaqla tənzimləməyə çalışır. Lakin bu üsul yalnız müəyyən müddət ərzində effekt verə bilər. Çünki pensiya yaşını sonsuzadək artırmaq mümkün deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki