Son günlər sosial şəbəkələrdə dəniz sahillərindən qumun çıxarılması ilə bağlı yayılan görüntülər ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Bir sıra vətəndaşlar hesab edir ki, sahilboyu ərazilərdən qumun götürülməsi dənizin dib quruluşunu dəyişdirə, qəfil dərinliklərin yaranmasına və nəticədə boğulma hallarının artmasına səbəb ola bilər. Məsələnin nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmaq üçün Referans Media ekoloq Qorxmaz İbrahimovun mövqeyini öyrənib.
Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatların əksəriyyəti reallığı əks etdirmir və bu məsələ ilə bağlı səsləndirilən iddiaların elmi əsası yoxdur.
Ekoloqun sözlərinə görə, dənizdən qum götürülməsi müəyyən həcmdə və məhdud sahələrdə aparılır, bunun nəticəsində insanların boğulmasına səbəb ola biləcək təhlükəli çuxurların yaranması barədə deyilənlər həqiqətə uyğun deyil:
“Birincisi, qum götürülən ərazilər zamanla dənizin özü tərəfindən yenidən doldurulur. Dalğalar həmin sahələrə qum gətirir və relyef bərpa olunur. Digər tərəfdən, çimərliklərin yaxınlığında genişmiqyaslı qum götürülməsi halları müşahidə edilmir. Mən hər gün çimərlik ərazilərində oluram və belə bir vəziyyət görməmişəm”.
Q.İbrahimov qeyd edib ki, qum çıxarılması ilə insanların boğulması arasında birbaşa əlaqə qurmaq düzgün deyil:
“Çimərliklərdə xüsusi nişanlanmış üzmə zolaqları mövcuddur və insanların həmin sərhədlər daxilində üzməsi tövsiyə olunur. Dərinliyə doğru üzən şəxslər artıq ayaqlarının yerə dəymədiyi sahələrə daxil olurlar. Bu zaman hər hansı çuxurun olub-olmaması təhlükəsizlik baxımından həlledici rol oynamır”.
Ekoloq hesab edir ki, qum çıxarılmasının dəniz ekosisteminə ciddi təsiri barədə deyilənlər də şişirdilir:
“Dəniz ekosisteminə əsas zərəri çirkab suları, neft tullantıları və plastik çirklənmə vurur. Bir neçə ton və ya bir neçə maşın qumun çıxarılması ekosistemdə ciddi dəyişiklik yaratmır. Bu baxımdan yayılan məlumatların əksəriyyəti şayiə xarakteri daşıyır və vətəndaşların narahatlığı üçün ciddi əsas yoxdur”.
Gülnaz Abdullazadə
