Dövlətlə vətəndaş arasında torpaq mübadiləsinə icazə verilməsi əmlak bazarında yeni imkanlar yarada bilər. Lakin bu prosesdə əsas məsələ torpaq sahələrinin deyil, onların real dəyərlərinin düzgün müəyyənləşdirilməsi və ədalətli mübadilənin təmin olunmasıdır. Şəffaf qiymətləndirmə aparılmadığı halda isə fərqli dəyərə malik torpaqların dəyişdirilməsi yeni problemlərə yol aça bilər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, qəbul olunan yeni qaydalar vətəndaşa əlavə müstəsna hüquqlar verir.
Onun sözlərinə görə, mübadilə prosesinin vətəndaşın razılığı əsasında həyata keçirilməsi mühüm məqamdır:
“Bu proses vətəndaşın ona məxsus olan mülkiyyətinin başqa bir ərazidə yerləşən mülkiyyət sahəsi ilə – istər torpaq sahəsi olsun, istər digər əmlak – əvəz olunmasına bağlı müvafiq razılıq bildirməsini nəzərdə tutur. Eyni zamanda, dövlət layihələri üçün vətəndaşa məxsus mülkiyyət sahələrinin alınmasında müəyyən qaydaların tətbiq olunması prosesin həm vətəndaş, həm də dövlət üçün daha operativ və maraqlara uyğun şəkildə həyata keçirilməsinə imkan verəcək”.
Vüqar Oruc qeyd edib ki, bu prosesdə əsas şərtlərdən biri şəffaf qiymətləndirmənin aparılmasıdır:
“Vətəndaşa məxsus torpaq sahəsinin məhz dəyəri müqabilində ona başqa ərazidə ayrılacaq torpaq sahəsi müəyyən edilməlidir. Burada vətəndaşa məxsus torpaq sahəsinin və ona təklif olunan torpaq sahəsinin dəyərləri dəqiq müəyyən olunmalıdır”.
Onun fikrincə, əslində söhbət torpaq sahələrinin deyil, dəyərlərin mübadiləsindən gedir:
“Bu prosesdə həm dövlət, həm də vətəndaş itirməməlidir. Mübadilə bərabər şəraitdə və bərabər dəyərlər arasında aparılmalıdır. Yeni dəyişiklik də məhz bunu özündə ehtiva edir”.
Ekspert bildirib ki, prosesdə müəyyən risklər də mövcuddur. Belə ki, dəyərindən aşağı olan torpaq sahəsinə görə daha yüksək dəyərə malik sahənin təqdim olunması və ya yerləşmə amilinə görə fərqlərin yaranması mümkündür.
“Burada söhbət eyni sahəyə malik torpaqların dəyişdirilməsindən getmir. Söhbət dəyərləri eyni olan, müxtəlif ərazilərdə yerləşməsindən asılı olmayaraq torpaq sahələrinin mübadiləsindən gedir. Buna görə də qiymətləndiricinin obyektiv və şəffaf qiymətləndirmə aparması zəruridir”, – deyə Vüqar Oruc vurğulayıb.
O əlavə edib ki, qiymətləndiricilərin bu prosesdə iştirakı vacibdir:
“Əgər bu proses hər hansı dövlət qurumu yanında yaradılan komissiyalar tərəfindən həyata keçirilərsə və ya qiymətləndirmə prosesi şəffaf aparılmazsa, fərqli dəyərə malik torpaq sahələrinin mübadiləsi nəticə etibarilə qarşıya qoyulan məqsədə çatmağa imkan verməyəcək”.
Vüqar Orucun sözlərinə görə, düzgün tətbiq olunacağı təqdirdə torpaq mübadiləsi həm dövlət layihələrinin icrasında, həm kənd təsərrüfatı torpaqlarının inkişafında mühüm rol oynaya, həm də bazarın canlanmasına səbəb ola bilər.
“Bu prosesin şəffaf və könüllü şəkildə aparılması əsas şərtdir. Azərbaycan dövləti torpaq məsələlərində vətəndaşın maraqlarının müdafiəsini təmin edir. Bu baxımdan əsas məsələ yalnız qanunvericilikdə edilən dəyişiklik deyil, həmin dəyişikliklərin necə icra olunacağıdır. İcra mexanizmi burada mühüm əhəmiyyət kəsb edir”, – deyə ekspert qeyd edib.
Gülnaz Abdullazadə
