Trampın İran mesajı qlobal bazarlarda şok effekti yaratdı

ABŞ Prezidenti Donald Trampın İranla əldə olunan razılaşmanın başa çatdığını açıqlaması və Vaşinqtonun Tehrana qarşı hava əməliyyatı həyata keçirməsi dünya bazarlarında ciddi dalğalanmalara səbəb olub.

Referans Media xəbər verir ki, artan geosiyasi risklər fonunda neft qiymətləri kəskin yüksəlib, qızılın qiymətində isə geriləmə müşahidə olunub.

Trampın “İranla razılaşma mənim üçün bitdi” açıqlaması enerji bazarlarında dərhal əks-səda doğurub.

Brent və WTI markalı xam neftin qiyməti 5 faizdən çox bahalaşıb. Brent neftinin həftəlik artımı isə 8 faizi keçib.

Analitiklər hesab edir ki, ABŞ-İran gərginliyinin yenidən yüksəlməsi enerji təchizatı ilə bağlı narahatlıqları artıraraq qiymətlərə təsir göstərir.

Geosiyasi böhranın dərinləşməsinə baxmayaraq, qızıl bazarında əks istiqamətdə hərəkət qeydə alınıb. Qızılın bir unsiyasının qiyməti 4 min 100 dollar səviyyəsindən aşağı düşüb.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt mövqe nümayiş etdirərək bildirib ki, Tehranla mövcud razılaşma onun üçün artıq qüvvədə deyil. “İranla razılaşma mənim üçün bitdi. Artıq onlarla anlaşmaq istəmirəm”, – deyə Tramp bildirib.

Trampın açıqlamaları və ABŞ-ın İranla bağlı addımları beynəlxalq bazarlarda qeyri-müəyyənliyi artıraraq investorların diqqətini yenidən Yaxın Şərqdəki gərginliyə yönəldib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki