Türkiyə futbolunda böyük səs-küyə səbəb olan qanunsuz mərc araşdırması yeni mərhələyə keçib. Məlumata görə, təxminən 19 min nəfərin yer aldığı siyahı Türkiyə Futbol Federasiyasına (TFF) təqdim edilib.
Referans Media xəbər verir ki, araşdırma nəticəsində mərc oynadığı müəyyən edilən klub rəhbərləri və funksionerlərlə bağlı ciddi intizam tədbirlərinin görülməsi nəzərdən keçirilir.
Məlumata əsasən, son beş ildə peşəkar liqalarda fəaliyyət göstərmiş təxminən 14 min klub prezidenti və rəhbər şəxsin məlumatları "Spor Toto" Təşkilatına göndərilib. Yoxlamalar zamanı qaydaları pozduğu müəyyən edilən şəxslərin adları TFF-yə təqdim olunub.
Bildirilir ki, araşdırmanın yekununda mərc oynadığı təsdiqlənən şəxslər Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndəriləcək.
Ən ağır pozuntu isə rəhbərlərin öz klublarının oyunlarına mərc etməsi hesab olunur. Belə halların təsdiqlənəcəyi təqdirdə, müvafiq klublar üçün liqadan kənarlaşdırılma, ən azı 12 xalın silinməsi və hətta çempionluq titulunun ləğv edilərək kubokun geri alınması kimi sanksiyalar tətbiq oluna bilər.
Mətbuatda yer alan iddialara görə, araşdırma çərçivəsində adı açıqlanmayan bir Super Liqa klub prezidentinin 1–1,5 milyon dollar məbləğində mərc oynadığı da yoxlanılır.
Qeyd: Hazırda sözügedən cəzalarla bağlı yekun qərar verilməyib. Araşdırma davam edir və bütün mümkün sanksiyalar yalnız qaydaların pozulması rəsmi şəkildə sübuta yetiriləcəyi halda tətbiq oluna bilər.
