Türkiyənin tanınmış futbol şərhçisi Nihat Kahveci UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Fənərbaxça"nın "Qurnik Zabrje" üzərində 1:0 hesablı qələbəsini dəyərləndirib.
Referans Media xəbər verir ki, "Kontraspor"un "YouTube" kanalında çıxış edən Kahveci xüsusilə komandanın yeni transferi Meyson Qrinvudun oyununa diqqət çəkib.
O bildirib ki, ingiltərəli futbolçu az müddət meydanda olmasına baxmayaraq, potensialını göstərməyi bacarıb.
"Fənərbaxça azarkeşlərinə indidən deyirəm, bu Qrinvud sizi ayağa qaldıracaq, sevincdən dəli edəcək, çox yaxşı futbolçudur. Bu gün az oynasa da, demək olar ki, qol vururdu və artıq ilk mesajını verdi."
Nihat Kahveci ilk oyunda qazanılan minimal hesablı qələbəyə baxmayaraq, "Fənərbaxça"nın daha böyük üstünlüklə qalib gələ biləcəyini də vurğulayıb.
Onun sözlərinə görə, komanda cavab oyununda da qol vuracaq gücdədir, lakin ilk görüşdə yaranan çoxsaylı imkanlardan daha səmərəli istifadə etmək lazım idi.
Şərhçi həmçinin Taliskanın cərimə zərbəsindən vurduğu qolu yüksək qiymətləndirərək, rəqibin müdafiə divarının düzgün qurulmadığını, lakin braziliyalı futbolçunun zərbəsinin də yüksək ustalıq nümunəsi olduğunu qeyd edib.
