"Qalatasaray"dan ayrılan Mauro İkardinin klubdan gediş prosesi ilə bağlı narazı olduğu iddia edilir. Argentinalı hücumçunun ona göstərilən münasibət və ayrılıq zamanı irəli sürülən şərtlərə görə rəhbərliyə qarşı məyus olduğu bildirilir.
Referans Media xəbər verir ki, "Qalatasaray" rəhbərliyinin ulduz futbolçu üçün vida mərasimi təşkil etmək istədiyi, lakin İkardinin bu təklifə hələlik heç bir cavab vermədiyi qeyd olunur. Argentinalı futbolçunun sosial media hesablarında da klubla bağlı vida paylaşımı etməməsi diqqət çəkib.
İddialara görə, "sarı-qırmızılılar" 2 avqust tarixində "Rams Parkda" Renn ilə keçiriləcək hazırlıq görüşündə İkardi üçün xüsusi vida proqramı hazırlamaq istəyib. Lakin təcrübəli hücumçu bu təklifə nə müsbət, nə də mənfi cavab verib.
İkardinin yaxın çevrəsinə isə belə dediyi irəli sürülüb: "Mənə edilənləri haqq etmədim. Həm prezidentə, həm də baş məşqçiyə qarşı çox küsmüşəm."
Mauro İkardi "Qalatasaray" forması ilə keçirdiyi 4 mövsüm ərzində komandanın əsas simalarından birinə çevrilmişdi. Argentinalı forvard klubun heyətində meydana çıxdığı 134 rəsmi matçda 77 qol vurub, 25 məhsuldar ötürmə edib.
İkardinin ayrılığı və klub rəhbərliyi ilə münasibətlərində yaşanan gərginlik isə azarkeşlər arasında geniş müzakirə mövzusuna çevrilib.
