Türkiyənin İstanbul şəhərində müxalifət partiyalarına mənsub bir sıra bələdiyyə sədrlərinin hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) keçmək istədiyi iddia olunur.
Referans Media xəbər verir ki, jurnalist Taha Hüseyn Karagöz "TV100" telekanalının canlı yayımında bu barədə diqqətçəkən açıqlamalar verib. O, İstanbulda bir neçə bələdiyyə sədrinin partiya dəyişmək üçün təşəbbüs göstərdiyini irəli sürüb.
Jurnalistin sözlərinə görə, AK Parti rəhbərliyi bu keçid müraciətlərinə müsbət yanaşarsa, İstanbulda ciddi siyasi dəyişikliklər baş verə bilər.
Karagöz məsələ ilə bağlı fikirlərini belə ifadə edib: “Əlimdə bir məlumat var və buna çox təəccübləndim. İstanbulda bu qədər intensiv keçid istəyinə AK Parti tərəfindən yaşıl işıq yandırılarsa, sözün düzü, bu, İzmir hadisəsini kölgədə qoya bilər”.
Karagöz AK Partiyə keçmək istədiyi iddia olunan bələdiyyə sədrlərinin adlarını açıqlamayıb. Bununla belə, o, müxalifət partiyalarına mənsub bəzi bələdiyyə rəhbərlərinin sosial şəbəkə hesablarına diqqət çəkib.
Jurnalist bildirib ki, həmin şəxslərin paylaşımlarını araşdırarkən onların partiyaları ilə bağlı uzun müddətdir heç bir paylaşım etmədiklərini müşahidə edib.
Onun sözlərinə görə, CHP və Yeni Partiyaya mənsub bəzi müxalif bələdiyyə rəhbərlərinin sosial şəbəkə fəallığı siyasi baxımdan diqqətçəkən mənzərə yaradır.
Qeyd edək ki, İstanbulda bələdiyyə sədrlərinin AK Partiyə kütləvi keçidi ilə bağlı yayılan məlumat hələlik jurnalistin iddiasıdır. Keçid etmək istədiyi bildirilən şəxslərin adları və məsələ ilə bağlı rəsmi təsdiq açıqlanmayıb.
