Ukraynada gələn il keçirilə biləcəyi iddia olunan prezident seçkisi ilə bağlı maraqlı iddialar ortaya atılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə qapalı görüş keçirərək 2026-cı ilin payızında prezident seçkisinin keçirilməsi imkanını müzakirə edib.
Məlumata əsasən, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri olan keçmiş Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı da bu görüşə xüsusi olaraq Londondan Kiyevə çağırılıb. Mənbələrin iddiasına görə, ona Britaniyanın Baş naziri Kir Starmerin mümkün istefasının müzakirə ediləcəyi bildirilib.
“Ukrayna Pravda” yazır ki, görüşdə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Oleq Tatarov, "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya, müdafiə naziri Mixail Fyodorov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak ediblər.
Nəşrin mənbələrinin sözlərinə görə, Zelenskinin komandası Zalujnını mümkün prezident seçkisində namizədliyini irəli sürməməyə razı salmağa çalışıb. Buna əsas arqument kimi cəmiyyətdə parçalanma təhlükəsi, seçki kampaniyasının həddindən artıq qarşıdurma ilə keçməsi və bunun dövlət üçün yarada biləcəyi risklər göstərilib.
Məqalədə iddia olunur ki, Zelenski keçmiş baş komandana birbaşa “Seçki payızda keçirilsə, namizəd olacaqsanmı” sualını verib. Zalujnının isə “Bəli, olacağam” cavabını verdiyi bildirilir.
Mənbələrin sözlərinə görə, Zelenski Zalujnıya demək olar ki, istənilən yüksək dövlət vəzifəsini təklif etməyə hazır olub. Lakin bu cavabdan sonra ona heç bir təklif irəli sürməyib. “Ukrayna Pravda"nın yazdığına görə, görüşdə Prezident Ofisinin sifarişi ilə keçirilmiş sosioloji sorğunun nəticələri də təqdim olunub. Həmin sorğuya əsasən, hazırda Zelenskiyə etimad 34 faiz, Valeri Zalujnıya 28 faiz, Kirill Budanova isə 12 faiz təşkil edir.//Musavat.com
